Milli Məclisin iclasında
İyunun 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri bildirib ki, sabah ölkəmizdə Silahlı Qüvvələr Günü qeyd ediləcək. 106 il öncə yaradılmış Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək bu gün dünyanın ən güclü orduları sırasında yer alır.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində milli hərb tariximizə yazdıqları şanlı səhifələr xalqımızın qürur mənbəyidir.
Qəhrəman Ordumuzun döyüş meydanlarında göstərdiyi hünərlər qarşıya qoyulan hədəflərə nail olmaq üçün onun ən mürəkkəb hərbi əməliyyatları yerinə yetirməyə qadir olduğunu nümayiş etdirmişdir. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilmiş, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilmişdir.
Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını biz heç zaman unutmayacağıq.
Milli Məclisin sədri bildirib ki, Silahlı Qüvvələr Gününü bayram edərkən Azərbaycan hərbi nailiyyətlərini qeyd etməklə yanaşı, müdafiə potensialını daha da möhkəmləndirməyə, regionda daimi sülh və sabitlik yaradılmasına kömək göstərməyə sadiq olduğunu da təsdiq edir.
Bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək və dünyanın qüdrətli orduları sırasında öz yerini möhkəmləndirəcəkdir.
Spiker Sahibə Qafarova çıxışının sonunda öz adından və deputatlar adından Silahlı Qüvvələr Günü münasibəti ilə müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edib, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayıb.
Sonra iclasda cari məsələlər müzakirə olunub. Komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, Fazil Mustafa, deputatlar Bəhruz Məhərrəmov, Elşad Mirbəşir oğlu, Sahib Alıyev, Ceyhun Məmmədov, Etibar Əliyev, Vüqar Bayramov, Tural Gəncəliyev çıxış ediblər.
Deputatlar Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırıblar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirlərində, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaəti qürur hissi ilə qeyd ediblər. Çıxışlarda son illərdə Azərbaycanda ordu quruculuğu və hərbi potensialın möhkəmləndirilməsi, müdafiə və milli təhlükəsizliklə bağlı məsələlərin həlli istiqamətində atılan addımlar təqdirəlayiq hesab olunub. Hərbçilərin, habelə şəhid ailələri və qazilərin sosial təminatının daha da gücləndirilməsi sahəsində həyata keçirilən islahatların, dövlət dəstəyinin əhəmiyyətindən bəhs edilib.
Müzakirələr zamanı, habelə bəzi dövlətlərin Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təhdid edən destruktiv fəaliyyəti pislənilib. Azərbaycanın regionda sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında səyləri vurğulanıb.
Millət vəkilləri bir sıra digər aktual mövzularda da öz fikirlərini bölüşüblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 17 məsələnin daxil edildiyini, ilk üç məsələnin 2024-cü ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər sənədlərdə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri olduğunu diqqətə çatdırıb. O, bu məsələlərin müzakirəsi ilə əlaqədar olaraq iclasda hökumət üzvlərinin və nümayəndələrinin iştirak etdiyini söyləyib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Tahir Mirkişili komitə iclasında üçüncü oxunuşda müzakirə edilən qanun layihəsinə dair layihə təşəbbüskarları tərəfindən dəyişiklik irəli sürüldüyünü deyib. Bildirilib ki, təklif olunan dəyişikliyə əsasən, dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi 500 milyon manat əvəzinə 535 milyon manat artırılaraq, 6 milyard 435 milyon manata çatdırılır. Qeyd edilib ki, əlavə 35 milyon manat daxilolmaların Əlavə Dəyər Vergisinin (ƏDV) həcminin artması hesabına təmin olunacağı ilə izah edilir. Dəyişiklik nəticəsində dövlət büdcəsinin qeyri-neft/qaz gəlirləri 18 milyard 619 milyon manat təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərclərində də Dövlət Gömrük Komitəsinin xərclərinin 35 milyon manat artırılması təklif olunur.
Diqqətə çatdırılıb ki, nəticədə, ilkin təqdim olunmuş rəqəmə nisbətən, dövlət büdcəsinin gəlirləri 0,1 % artırılaraq 36 milyard 388 milyon manat, dövlət büdcəsinin xərcləri 0,1% artırılaraq 39 milyard 742,3 milyon manat, dövlət büdcəsinin cari xərcləri 0,1% artırılaraq 23 milyard 59,4 milyon manat təşkil edəcək. İcmal büdcənin gəlirləri, ilkin təqdim olunmuş rəqəmə nisbətən 0,1% artırılaraq 43 milyard 515 milyon manat, xərcləri isə 0,1% artırılaraq 45 milyard 626,8 milyon manat təşkil edəcək.
Komitə sədri bildirib ki, dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsi 2024-cü ildə ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini uğurla həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.
Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat verib.
Hər iki sənəd barədə birinci və ikinci oxunuş zamanı geniş məlumat verildiyini deyən komitə sədri bir daha xatırladıb ki, təqdim edilmiş sənədlərə əsasən, Dövlət sosial müdafiə fondunun 2024-cü il üçün dürüstləşdirilmiş gəlir və xərcləri bərabər olaraq 30 milyon manat artırılaraq 6 milyard 949 milyon 860 min manat təşkil edəcək. Qeyd olunub ki, İşsizlikdən sığorta fondunun 2024-cü il üçün dürüstləşdirilmiş büdcəsi 4,7 milyon manat artırılacaq və bu artım qeyri-büdcə sektoru üzrə baş verəcək.
Musa Quliyev qanun layihələrinin ikinci oxunuşda müzakirələri zamanı deputatlar tərəfindən bəzi sosial problemlərlə əlaqədar qaldırılan məsələlərlə bağlı araşdırmaların aparıldığını və nəticələri barədə onlara məlumat verildiyini də söyləyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu iki məsələ barədə onun rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.
İclasda 2024-cü ilin dövlət büdcəsində, Dövlət sosial müdafiə və İşsizlikdən sığorta fondlarının büdcələrində dəyişikliklərlə bağlı qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Parlamentin sədri gündəliyin digər iki məsələsinin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, hər iki qanun layihəsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və müvafiq Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcəyini bildirib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Azərbaycanla Mərakeş arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən komitə sədri, ölkələrimizin Qoşulmama Hərəkatı, digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının inkişaf etdiyini söyləyib. O, sənədin iki dövlət arasında əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətini qeyd edib.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Sonra komitə sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, Qambiya Respublikasının Qoşulmama Hərəkatında iştirak etdiyini, bu baxımdan mühüm əhəmiyyətə malik olduğunu deyib. Komitə sədri Azərbaycanla Qambiya arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsinə dair sənədin qəbul olunmasının ölkəmizin milli maraqlarına uyğun olduğunu bildirib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumatı diqqətə çatdırıb. O, sənədin sosial təminatın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək, təklif olunan dəyişikliklərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi, habelə peşə hazırlığı ilə bağlı müddəaların əks olunduğunu bildirib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihəyə dair əlavə heç bir rəy və təklifin daxil olmadığını söyləyib.
Layihə ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb. Sənəddə təklif olunan dəyişikliyə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, komitənin layihə ilə bağlı müsbət rəy verdiyini bildirib. Sənəddə təklif olunan dəyişikliklər qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərin publik hüquqi şəxs statuslu qurumlar tərəfindən də həyata keçirilməsinə imkan yaratmaq məqsədi ilə hazırlanıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov sənəd barədə bu komitənin rəyini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, layihə birinci və ikinci oxunuşda ətraflı müzakirə edilib və sənədlə bağlı deputatlardan heç bir irad və təklif daxil olmayıb.
Sənəddə peşəkar mühasib sertifikatlarının verilməsi üçün imtahanlarda iştirakın ödənişli olmasının, bu imtahanda iştirak etmək üçün ödənişin məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilməsinin hüquqi əsasları təsbit edilir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb. O, layihə ilə bağlı əlavə heç bir təklifin daxil olmadığını, komitənin müsbət rəy verdiyini söyləyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəddə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikah bağlamaq istəyən şəxslərin tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçmələri, habelə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Milli Məclisin sədri gündəliyin digər yeddi məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu qeyd edib.
Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gündəliyin 11-ci məsələsi olan Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Elektron dövlət xidmətlərinin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsinin əvvəlki oxunuşu barədə məlumat verən komitə sədri sənədin əhəmiyyətini vurğulayıb və olduğu kimi səsə qoyulmasını təklif edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələyə dair komitələrinin müsbət rəylərini səsləndirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə məlumat verib. O, layihənin birinci oxunuşu zamanı heç bir iradın olmadığını, ikinci oxunuşda əlavə təkliflərin daxil edilmədiyini deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi Azərbaycan Prezidentinin "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" 15 iyul 2021-ci il tarixli fərmanı çərçivəsində hazırlanıb. Sənəddə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması məsələləri təsbit olunur.
Layihə ətrafında müzakirələrdə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Qüdrət Həsənquliyev, Razi Nurullayev, Bəhruz Məhərrəmov fikir və qeydlərini açıqlayıblar.
Komitə sədri Tahir Rzayev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Gündəliyin 13-cü məsələsi olan Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Komitə sədri bildirib ki, qanun layihəsi barədə birinci oxunuş zamanı ətraflı məlumat verilib. Təklif olunan dəyişikliklərin əmək münasibətlərinin elektronlaşdırılmasının daha geniş hüquqi bazasının yaradılmasına xidmət etdiyini deyən Musa Quliyev qanun layihəsinin qəbulundan sonra əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi, təhlükəsizliyin təmini və müxtəlif məşğulluq tədbirlərinin həyata keçirilməsi, sosial tərəfdaşlarla iş kimi əksər proseslərin tam elektronlaşacağını bildirib.
Qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun təmsil etdikləri komitələrin müsbət rəyi dinlənildikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin 14-cü məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verərək bildirib ki, qanun layihəsinin birinci oxunuşu zamanı təklif olunan dəyişikliklərlə bağlı ətraflı məlumat verilib. O, layihə ilə bağlı hər hansı bir rəy və təklif daxil olmadığı üçün sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihənin müzakirəsində komitə sədri Zahid Oruc və deputat Naqif Həmzəyev fikirlərini bildiriblər. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib. Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Növbəti məsələyə - “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) dair Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev məlumat verib. O, bildirib ki, layihə haqqında birinci oxunuşda ətraflı məlumat verilib, ilk oxunuşdan sonra komitəyə sənədlə bağlı heç bir müraciət daxil olmayıb, ona görə də olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Gündəliyin 16-cı məsələsi olan Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib.
Komitə sədri bildirib ki, əhalinin reproduktiv sağlamlığının tibbi aspektləri ilə dövlətin demoqrafik siyasəti arasında sıx əlaqə mövcuddur. Bu mənada, erkən nikah və qohum evlilikləri problemi sosial-iqtisadi əhəmiyyət kəsb edir. Erkən yaşda nikah və qohum evliliklərin yayılmasına təkan verən amillərdən söz açan komitə sədri bu cür evliliklərin fəsadlarını diqqətə çatdırıb. Mövzu ilə əlaqədar Milli Məclisdə keçirilən geniş müzakirələrdə qaldırılan məsələlərə qanunvericilik təşəbbüsü subyektinin münasibətini açıqlayan komitə sədri qeyd edib ki, onlara gələcəkdə baxılması məqsədəmüvafiq hesab olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı komitəsinin müsbət rəyini səsləndirib və təklif olunan dəyişikliklərin hüquqi və dünyəvi dövlətçilik kontekstində əhəmiyyətini vurğulayıb.
Sənədin müzakirəsində parlamentin komitə sədri Fazil Mustafa, deputatlar Fəzail Ağamalı, Emin Hacıyev, Bəhruz Məhərrəmov çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər.
Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin sonuncu məsələsi - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün sözü Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə təqdim edib.
Komitə sədri bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
Musa Quliyev sənədin birinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdikləri sualları cavablandırıb və qaldırdıqları məsələlərə aydınlıq gətirib.
Məsələ ilə bağlı deputatlar Razi Nurullayevin və Aydın Mirzəzadənin fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi