Milli Məclisdə ÜST nümayəndəsi ilə görüş keçirilib
İyunun 27-də Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Ludmila Mosinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qonaqları salamlayaraq ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq çərçivəsində bir sıra layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. O, vətəndaşların sağlamlığının qorunması istiqamətində ölkəmizdə lazımi tədbirlərin görüldüyünü, tibbin inkişafı üçün geniş imkanların yaradıldığını söyləyib. Komitə sədri səhiyyə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı addımların atıldığını da qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin Avropa üzrə Regional Ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Ludmila Mosina deyib ki, görüşün məqsədi qlobal miqyasda ciddi problemlərdən olan uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə sahəsində tədbirlərin görülməsi ilə bağlı müzakirələrin aparılmasıdır. O, qadınlar arasında yayılan və bəzi hallarda ölümlə nəticələnən bu xəstəliklə əlaqədar bəzi statistik göstəriciləri diqqətə çatdırıb. ÜST nümayəndəsi bunun yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin əhəmiyyətindən, xəstəliklə mübarizədə insan papillomavirusuna (İPV) qarşı peyvəndin tətbiqinin vacibliyindən danışıb.
Ludmila Mosina İPV-yə qarşı peyvəndin tətbiqi ilə bağlı bir sıra dünya ölkələrinin təcrübəsindən nümunələr göstərib, müsbət nəticələrin əldə edildiyini bildirib. O, Azərbaycanda da bu xəstəliyin yayıldığını və ölkəmizdə İPV-yə qarşı peyvəndləmənin aparılmasının və ölkə vətəndaşlarının bundan faydalanmasının önəmli olduğunu deyib.
Söhbət zamanı Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, üzvləri Kamilə Əliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Kamaləddin Qafarov, ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı məsələnin aktuallığını qeyd ediblər, xəstəliyin diaqnostikası, müalicəsi, habelə İPV-yə qarşı peyvəndin ölkəmizdə tətbiqi, bunun faydaları ilə bağlı insanların məlumatlandırılmasının, maarifləndirmə işinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Görüşdə Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov, ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin Vaksinlə idarə olunan və infeksion xəstəliklər bölməsinin rəhbəri Sevinc Həsənova və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi