AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
23 may 2013 | 05:05   
Paylaşın:        

Mayın 23-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. İclasın gündəliyinə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi daxil edilmişdi.
Komitənin sədri Eldar İbrahimov bildirdi ki, Azərbaycan “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulmuşdur. Təklif edilən bu dəyişikliklər də Azərbaycan qanunvericiliyinin həmin konvensiyaya uyğunlaşdırılması məqsədini daşıyır.
Təklif olunan dəyişikliklər barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov bildirdi ki, Məcəllənin qüvvədə olan 126-cı maddəsinə 11 yeni müddəanın əlavə olunması təklif edilir. Bundan başqa, maddədə ümumi şəkildə verilmiş yaşayış məntəqələrində ev heyvanlarının saxlanması qaydalarının pozulması halları müddəasına aydınlıq gətirilir.
Bildirildi ki, dəyişikliyə görə, ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə tətbiq edilən cərimə sanksiyalarının məbləği artırılır. Belə ki, bu qaydaların pozulmasına görə cərimələr 5-20 manatdan 200 manata, heyvanlarla rəhmsizcəsinə davranışa görə cərimə isə 25-45  manatdan 500 manatadək artırılır. Qeyd olundu ki, bu dəyişikliklərin məqsədi ev heyvanlarını qorumaqdan ibarətdir.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU