Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Plenar iclaslar
28 iyun 2024 | 17:30   
Paylaşın:        

 

İyunun 28-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü ilin növbədənkənar sessiyasında sonuncu plenar iclası keçirilib.

İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə əlaqədar müzakirələr aparılıb. Komitə sədri Fazil Mustafa, deputatlar Vahid Əhmədov, Etibar Əliyev, Bəhruz Məhərrəmov, Ceyhun Məmmədov, Sabir Rüstəmxanlı, Elşad Mirbəşir oğlu, Elman Nəsirov, Qüdrət Həsənquliyev, Rüfət Quliyev, İsa Həbibbəyli bir sıra aktual mövzularda öz fikirlərini bölüşüblər.

Müzakirələr zamanı Azərbaycanda parlamentarizm ənənələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu xüsusi qeyd edilib. Çıxışlarda, habelə VI çağırış Milli Məclisin səmərəli fəaliyyətindən söhbət açılıb, ötən müddət ərzində görülən işlər təqdirəlayiq hesab edilib, parlament diplomatiyasının ölkə Prezidentinin müəyyənləşdirdiyi istiqamət üzrə uğurla davam etdirildiyi bildirilib. Millət vəkilləri VI çağırış Milli Məclisin milli maraqların qorunmasında, ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsində, qlobal miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıblar.

Deputatlar, bununla yanaşı, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər, ictimai asayişin təmin olunmasında polis orqanlarının xidmətlərini qeyd ediblər, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılması, ölkədə mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, bir sıra digər məsələlərlə bağlı öz fikir və qeydlərini açıqlayıblar.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini, ilk iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, hər iki qanun layihəsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcəyini bildirib. 

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında" Saziş 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb. Fondun yaradılmasında məqsəd iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Müzakirəyə təqdim olunan Əlavə Saziş 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb. Əlavə Saziş ikitərəfli investisiya əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün Tərəflərin Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalını artırmaq məqsədi daşıyır. Dəyişikliyə əsasən, Sazişin 4-cü maddəsində və Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnaməsinin 6-cı maddəsinin 2-ci bəndində "25000000 (iyirmi beş milyon) ABŞ dolları" sözlərinin  "100000000 (yüz milyon) ABŞ dolları" sözləri ilə əvəz edilməsi təklif olunur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin əhəmiyyətindən danışaraq, onun türk dünyasında əlaqələrimizin inkişafına xidmət etdiyini, rəhbərlik etdiyi komitənin məsələyə dair müsbət rəy verdiyini söyləyib.

Komitə sədri Siyavuş Novruzov məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

Diqqətə çatdırılıb ki, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Saziş iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək və vergi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. 31 maddədən ibarət olan Saziş razılığa gələn dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə və vergitutma üsulundan asılı olmayaraq, razılığa gələn dövlət və ya onun inzibati-ərazi, dövlət və ya yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq edilir. Sazişin tətbiq edildiyi vergilərin siyahısı və şərtləri ayrıca maddədə qeyd olunur.

Sazişdə müxtəlif vasitələrlə əldə edilmiş gəlir və mənfəətə münasibətdə vergilərin tətbiq edilməsi şərtləri, qarşılıqlı əlaqəli müəssisələrə dair vergitutma qaydaları açıqlanır,  dividendlərin, müxtəlif subyektlərə ödənilən faizlərin və royaltilərin vergiyə cəlb olunması prosedurlarına aydınlıq gətirilir. Bununla yanaşı, daşınmaz əmlak, müstəqil fərdi xidmətlər, muzdlu işdən əldə olunan gəlir, qonorarlar, müxtəlif peşə sahiblərinin əldə etdikləri gəlirlər, pensiyalar, dövlət qulluqçuları, tələbələr, elm işçiləri və digər kateqoriyalar üzrə vergitutma qaydaları əks olunur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov fikirlərini açıqlayaraq, sənədin iqtisadi məsələlərlə yanaşı, həm də  siyasi əhəmiyyətə malik olduğunu deyib, ölkə Prezidentinin ümumtürk iqtisadi, mədəniyyət məkanının yaradılması, ümumtürk geosiyasi fenomeninin dünya siyasətinə təqdim edilməsi ilə bağlı ardıcıl siyasət apardığını vurğulayıb.

Səməd Seyidov rəhbərlik etdiyi komitənin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 10 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, qanun layihəsi ilə bağlı hər hansı rəy və təklifin olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Layihədə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə qabarit parametrlərinin pozulmasının, həmçinin çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinin aşılmasının nədən ibarət olması dəqiq müəyyən olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihə barədə birinci və ikinci oxunuş zamanı geniş məlumat verildiyini, komitəyə əlavə təklifin daxil olmadığını deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihədə müdafiə təyinatlı məmulatların  layihələndirilməsi, istehsalı, satışı fəaliyyətinin liberallaşdırılması, bu sahədə yeni iştirakçıların formalaşdırılması, habelə həmin fəaliyyətlərdən irəli gələrək bu sahədə təmir və texniki xidmət göstərilməsi fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məsələ barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, ikinci oxunuşdan sonra sənədə dair əlavə təklifin olmadığını deyib və məsələnin səsə qoyulmasını xahiş edib. Komitə sədri, həmçinin bəzi məqamlarla bağlı fikirlərini də bölüşüb.

Layihədə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına dair tələblər, həmin sistemin istifadəyə verilməsi, elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestrin aparılması qaydaları, dövlət informasiya ehtiyatları və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqinə və auditinə dair ümumi qaydalar müəyyən olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələyə dair bu komitələrin müsbət rəylərini səsləndiriblər.

Müzakirələrdə çıxış edən komitə sədri Siyavuş Novruzov öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, layihə ilə bağlı heç bir əlavə təklifin olmadığını deyib və məsələnin səsə qoyulmasını xahiş edib.

Sənəddə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması məsələləri təsbit olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib.

Komitə sədri qanun layihəsi barədə birinci və ikinci oxunuş zamanı ətraflı məlumat verildiyini, layihənin mətnində dəyişiklik edilmədiyini söyləyib. O, sənədin əsas mahiyyətinin  əmək münasibətlərinin rəqəmsal texnologiyalar müstəvisinə keçirilməsi ilə bağlı olduğunu qeyd edib.

Qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli təmsil etdikləri komitələrin rəyini bildirdikdən sonra sənəd üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, ikinci oxunuşdan sonra layihə ilə bağlı bəzi təkliflərin daxil olduğunu, bu barədə qanunvericilik təşəbbüsü  subyektinin nümayəndəsi ilə müzakirələrdən sonra bir sıra təkliflərin sənəddə öz əksini tapdığını deyib.

Bildirilib ki, birinci təklif xidməti parklanma yerindən ödənişsiz istifadə edəcək subyektlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təklif olunur ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna malik beynəlxalq təşkilatların nümayəndələri, habelə onların diplomatik personalı xidməti paklanma hüququndan istifadə edə bilsin. İkinci təklif skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada “sükanı tutmadan hərəkət etmək” sözlərinin əvvəlinə “sükanı olduğu halda” sözlərinin əlavə edilməsi təklif edilir. Üçüncü təklif isə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 45.2-ci maddənin 6-cı bəndində “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “müəyyən etdiyi qurum” sözlərinin əlavə edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) dair  məlumat verib. O, ikinci oxunuşdan sonra məsələyə dair komitəyə heç bir müraciətin daxil olmadığını, mətndə dəyişiklik edilmədiyini, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihədə nəzərdə tutulan dəyişikliklər qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının bir neçə komissiya tərəfindən məhv edilməsi üçün hüquqi əsas yaradır. Həmin komissiyaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən yaradılması təklif edilir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihə ilə bağlı deputatların verdiyi təkliflərlə bağlı qanunvericilik təşəbbüsü subyekti ilə müzakirələrin aparıldığını, nəticədə sənədin hazırda təqdim olunan variantda tövsiyə edildiyini söyləyib. Komitə sədri səsləndirilən rəy və təkliflərin gələcəkdə yenidən təhlil edilərək baxılmasının nəzərdə tutulduğunu da qeyd edib. Hicran Hüseynova qanun layihəsinin dövlətimizin demoqrafik, səhiyyə, sosial, iqtisadi siyasəti baxımından mühüm əhəmiyyət kəsb edən mütərəqqi sənəd olduğunu bildirib.

Layihədə nəzərdə tutulan dəyişikliklərdə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, habelə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi təklif olunur.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb. O, habelə Cinayət Məcəlləsinin qeyd hissəsi ilə bağlı deputat Erkin Qədirlinin təklif irəli sürdüyünü, bunun qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə olunduğunu və məqsədəmüvafiq hesab edilmədiyini, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Deputat Erkin Qədirli öz qeydlərini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, bildirib ki, sənəd şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzilə ehtiyacı olan şəhid ailələrinin dairəsinin genişləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədi ilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Auditor xidməti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü  oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Millət vəkili layihə ilə bağlı birinci və ikinci oxunuş zamanı əlavə rəy və təklifin verilmədiyini söyləyib və sənədin dəstəklənməsini xahiş edib.

Sənəddə nəzərdə tutulan dəyişiklikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından daxil olan sorğuların icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələbi ilə auditorun məlumat verməsinin hüquqi əsası yaradılır. 

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin üçüncü oxunuşda olan qanun layihələrinin başa çatdığını deyib. Spiker növbəti iki məsələnin uyğunlaşdırma xarakterli qanun layihələri olduğunu və bir oxunuşda baxılıb qəbul ediləcəyini bildirib.

Beləliklə, gündəliyin 13-cü məsələsi olan “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun  layihəsi barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib.

O, bildirib ki, layihə lisenziyalar və icazələr sahəsində prosedurların daha da təkmilləşdirilməsi, eyni zamanda səmərəliliyin artırılması məqsədi ilə hazırlanıb. Bu kontekstdə sənəd üç istiqamətdə dəyişiklikləri özündə ehtiva edir. Vüqar Bayramov layihədə təklif olunan  dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması müddətlərinin yenilənməsi, dövlət rüsumunun ödənilməməsinin hüquqi nəticələrinin genişləndirilməsi, bir sıra termin və ifadələrin dəqiqləşdirilməsi ilə bağlı təklif olunan dəyişikliklərdən danışıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və  İnsan hüquqları komitəsinin sədri Zahid Oruc  dəyişikliklərlə əlaqədar bu komitələrin rəylərini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti məsələ - "Bədən tərbiyəsi və idman haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, “Bədən tərbiyəsi və idman haqqında" Qanunun 59-cu maddəsinə təklif olunan dəyişiklik paralimpiya sahəsində yüksək nəticə göstərmiş idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsini və paralimpiya təqaüdlərinin təsis olunmasını nəzərdə tutur.

Vitse-spiker Adil Əliyev diqqətə çatdırıb ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya təqaüdləri ilə yanaşı, paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar veriləcək. Bu da ölkəmizdə paralimpiya sahəsində fəaliyyət göstərən idmançıların və idman mütəxəssislərinin sosial rifahının yüksəldilməsinə, onların maddi təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin sonuncu məsələsi - “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva məlumat verib.

O, bildirib ki, layihədə təklif edilən dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar. Belə ki, bir qrup dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə yuxarıda göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddətlərinin dəyişdirilməsi məqsədi ilə hazırlanıb.

Müzakirədə parlamentin komitə sədrləri Fazil Mustafanın və  Siyavuş Novruzovun,  deputatlar Razi Nurullayevin və Kamran Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, həm bugünkü iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatdı. Spiker diqqətə çatdırıb ki, bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə hər il iyunun 30-da Beynəlxalq parlamentarizm günü qeyd edilir. Yaxşı məlumdur ki, Azərbaycan xalqı özünün zəngin parlamentarizm ənənələri ilə fəxr edə bilər.

Spiker qeyd edib ki, ölkəmizdə müasir peşəkar parlamentin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderimiz qanunvericilik orqanına 4 ay rəhbərlik etmiş, sonrakı dövrdə isə Milli Məclisə böyük qayğı göstərmiş, parlament quruculuğu məsələlərini daim diqqət mərkəzində saxlamışdır.

Ulu Öndərin başladığı işləri əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib. Azərbaycanda parlamentarizmin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da rolu xüsusi qeyd edilməlidir.  

Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva parlamentin deputatları olduqları dövrdə Milli Məclisin peşəkarlıq səviyyəsinin yüksəlməsi naminə dəyərli işlər görüblər.

Spiker Beynəlxalq parlamentarizm günü münasibəti ilə deputatları ürəkdən təbrik edib, hər birinə möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədri bildirib ki, iyulun 2-də Azərbaycan Polisi Günü qeyd ediləcək. 106 yaşlı Azərbaycan polisi, daxili işlər orqanları ölkəmizdə ictimai asayişin və qanunçuluğun qorunması sahəsində öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu haqda hörmətli həmkarlarımız burada çıxış etdilər.

Bir çox polis əməkdaşları dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması naminə döyüşlərdə, xüsusən 44 günlük Vətən müharibəsində  qəhrəmanlıq göstəriblər.

Spiker Polis Günü münasibəti ilə Daxili İşlər Nazirliyinin şəxsi heyətini təbrik edib, onlara məsul və çətin xidmətlərində yeni uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiya barədə qısa  hesabat verib. Spiker xatırladıb ki, növbədənkənar sessiya iyunun 7-də başlayıb. Yəni iyirmi bir gün davam edən bu sessiyada Milli Məclisin beş iclası keçirilib, otuz bir qanun və qərar qəbul edilib.

Spiker sessiyanın yekunları ilə bağlı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin qanunvericilik bazasını daha da möhkəmləndirmək və təkmilləşdirmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu dövrdə də layiqincə yerinə yetirməyə çalışıb.

Milli Məclisdə bu dövrdə bir ictimai dinləmə keçirilib. Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə təşkil etdikləri dinləmədə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda müzakirələr aparılıb.

Sessiya müddətində qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb.

Milli Məclisin on dörd deputatı yeddi xarici ölkəyə on yeddi səfər həyata keçirib.

Bir deputatımız Bolqarıstan Milli Assambleyasına növbədənkənar parlament seçkilərini, eləcə də Avropa Parlamentinə növbəti seçkiləri müşahidə edib.

Səkkiz xarici ölkənin və on bir beynəlxalq təşkilatın nümayəndə heyətləri, ümumən doxsan altı nəfər xarici qonaq Milli Məclisdə qəbul edilib. 

Spiker qeyd edib ki, Milli Məclis böyük beynəlxalq tədbirə ev sahibliyi edib. Belə ki, Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Şura və plenar iclasları keçirilib.

Bundan başqa, Assambleyanın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, parlament Baş katiblərinin birinci görüşü də təşkil olunub.

Spiker diqqətə çatdırıb ki, Milli Məclisin sədri ölkəmizdə səfərdə olan beş ölkənin parlament sədrləri, bir ölkənin parlament sədrinin  müavini, altı beynəlxalq təşkilatın rəhbərləri ilə görüşlər keçirib.

Milli Məclis sədrinin Belarus Respublikasına rəsmi səfəri olub. Bu səfər barədə deputatlara məlumat verilib. Bundan başqa, Milli Məclis ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair praktiki tədbirlər planı (“Yol Xəritəsi”) imzalanıb. Sənəd Milli Məclisin sədri və Özbəkistan Senatının sədri tərəfindən imzalanıb.

Milli Məclisin sədri iki ölkənin – Liviya və Ukraynanın Azərbaycandakı səfirləri, eləcə də Azərbaycan Respublikasının Omandakı səfiri ilə görüşüb.

Spiker çıxışına yekun  vuraraq qeyd edib ki, Milli Məclis növbədənkənar sessiyanı uğurla başa çatdırır və bununla əlaqədar o, deputatlara səmərəli iş üçün təşəkkürünü bildirib və Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU