İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA 2012-Cİ İLİN DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA QANUN LAYİHƏSİ MÜZAKİRƏ OLUNDU

Komitə iclasları
23 may 2013 | 05:05   
Paylaşın:        

Milli Məclisin mayın 23-də keçirilən İqtisadi siyasət komitəsinin  iclasında 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarıldı.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədazadə bildirdi ki, 2012-c i ildə dövlət büdcəsinin əsas göstəriciləri, məqsəd və vəzifələri uğurla icra olunub. Qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan hökuməti dövlət büdcəsinin icrasını uğurla yerinə yetirib. Büdcənin icrası ölkənin iqtisadi həyatının ahəngdarlığından xəbər verir.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov diqqətə çatdırdı ki, 2012-ci ildə dövlət büdcəsinin icrası makroiqtisadi sabitliyin saxlanılması, əhalinin pul gəlirlərinin artması, dövlətin iqtisadi qüdrətinin yüksəlməsinə şərait yaradıb. Ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 101,4% icra olunaraq 17,282 mlrd. manat təşkil edib. Bu, 2011-ci illə müqayisədə 1,581 mlrd. manat və ya 10,1% artıqdır. Nazirin sözlərinə görə, büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi 32% təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 1,9 faiz bəndi çoxdur. Ötən il Vergilər Nazirliyi tərəfindən büdcəyə 6,026 mlrd. manat və ya proqnozdan 1,9% artıq vəsait ödənilib. Bu, 2011-ci ilə nisbətən 544 mln. manat və ya 10,1% artıqdır. Dövlət Gömrük Komitəsi tərəfindən proqnozlar 0,7% artıqlaması ilə icra edilərək büdcəyə 1,208 mlrd. manat ödənilib. Bu, ötənilki göstəricidən 5,9% artıqdır. Ötən ilin dövlət büdcəsinə Neft Fondundan transfertlərin həcmi proqnozlaşdırıldığı kimi 9,905 mlrd. manat təşkil edib. Dövlət büdcəsinin digər gəlirləri 143 mln. manat və ya əvvəlki ilə nisbətən 1,6 dəfə artıq olub.
 Nazir bildirdi ki, 2012-ci ildə dövlət büdcəsinin xərcləri 98,6% səviyyəsində icra edilərək 17,417 mlrd. manat təşkil edib. Bu da 2011-ci ilin büdcə xərcləri ilə müqayisədə 2,019 mlrd. manat və ya 13,1% artıqdır. Hesabat ilində büdcə xərclərinin 53,3%-i və ya 9,278 mlrd. manatı cari xərclərə, 45,5% və ya 7,926 mlrd. manatı əsaslı xərclərə yönəldilib. Büdcə xərclərinin 1,2%-i və ya 212 mln. manatı dövlət borcuna xidmət olunmasına sərf edilib.
Nazir qeyd etdi ki, Azərbaycanın 2012-ci il dövlət büdcəsinin məxaric hissəsinin 27,2%-i və ya 4 mlrd.740 mln. manatı sosial təyinatlı xərclərin payına düşüb. Bu da 2011-ci ilə nisbətən 400 mln. manat və ya 9,2% çoxdur. Onun sözlərinə görə, sosial xərclərə əməyin ödənilməsi, təqaüdlərin və sosial müavinətlərin verilməsi, dərman, ərzaq və digər xərclər aiddir.
 Samir Şərifov bildirdi ki, ötən il iqtisadi fəaliyyətlə bağlı xərclər 2011-ci ilə nisbətən 56,7%, mənzil-kommunal təsərrüfat xərcləri 40,2%, nəqliyyat və rabitə xərcləri 38,7%, mədəniyyət, incəsənət və idman xərcləri 26,8%, səhiyyə xərcləri 23,5%, sosial müdafiə və sosial təminat xərcləri 18,3%, təhsil xərcləri 14,6%, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərcləri 5,3% artıb.  Strukturuna görə daha çox vəsait iqtisadi fəaliyyət xərclərinə yönəldilib ki, bu da hökumətin qeyri-neft sektorunun daha sürətlə inkişafı üçün xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Sonra çıxış edən Hesablama Palatasının sədri Heydər Əsədov və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə fikirlərini bildirdilər.
İclasda deputatları maraqlandıran suallara cavab verildi, onların fikirləri dinlənildi. Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU