Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Komitə iclasları
04 oktyabr 2024 | 16:47   
Paylaşın:        

Oktyabrın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

İclası açan komitənin sədri Sadiq Qurbanov  komitə üzvlərini cari il sentyabrın 1-də, Azərbaycanın bütün suveren ərazisində şəffaf və demokratik şəraitdə baş tutmuş növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Komitə sədri əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini müzakirəyə təqdim edib. O, diqqətə çatdırıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. Bundan başqa sessiya ərzində rəqəmsallaşmanın ətraf mühitə təsiri və  ekologiyanın digər aktual məsələləri ilə bağlı dinləmələrin, müzakirələrin və müvafiq  tədbirlərin  keçirilməsi nəzərdə tutulub.

Sonra iclasda gündəliyə daxil olan  “Balıqçılıq haqqinda”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Komitə sədri qanun layihəsində balıqçılıq və ovçuluq fəaliyyətlərinin tənzimlənməsi, heyvanlar aləminin mühafizəsi və ətraf mühitin qorunması ilə bağlı təklif olunan təkmilləşdirmələrdən danışıb.

Gündəliyin üçüncü məsələsi olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd hüquqi sistemin müasirləşdirilməsi və cəmiyyətin təhlükəsizliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəyişikliklər arasında, ekoloji cinayətlərə və inzibati xətalara cəzaların tətbiqi, eləcə də müvafiq məsuliyyətlərin artırılmasının ekoloji mühitin mühafizəsinə və təbii ehtiyatların istifadəsinə müsbət təsir edəcəyi vurğulanıb.

Sonra “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bu qanun layihəsində  heyvanların mühafizəsi, ekosistemlərin qorunması və yaşıllıqların saxlanılması ilə bağlı müasir tələblər təsbit olunub.

İclasda son olaraq “Azərbaycan Respublikası Hökuməti ilə birgə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişimləri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi nəzərdən keçirilib.

Məsələlərin müzakirəsində komitə sədrinin müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Naqif Həmzəyev, Asif Əsgərov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirqasım Qənbərov təqdim olunan qanun layihələri barədə fikirlərini və qeydlərini bildiriblər.

Deputatlar komitənin 2024-cü il payız sessiyası üçün iş planını təsdiqləyiblər, qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Vüqar Rəhimzadə, Bədəl Bədəlov və Eyvaz Qurbanov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin şöbə müdiri Sadiq Dərafərin  və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU