Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına işgüzar səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib.
Tədbirdən əvvəl beynəlxalq konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Düşənbə şəhərində yerləşən "Dostluq" meydanında İsmoili Somoninin abidəsi önünə əklil qoyublar.
Sonra Tacikistan Parlamentində Beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə çıxış edən Milli Məclisin sədri dəvətə, göstərilən qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəmi Emomaliyə və Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodaya minnətdarlığını bildirib. Spiker Sahibə Qafarova parlamentə və bütün Tacikistan xalqına Konstitusiyanın 30 illiyi münasibətilə təbriklərini çatdırıb.
Sahibə Qafarova Tacikistan xalqının Konstitusiyanın qəbulundan əvvəl 90-cı illərin əvvəllərində baş vermiş o çətin günləri heç vaxt unutmayacağını, bu gün isə sabit və dinamik inkişaf edən Tacikistanın ölkə Prezidenti Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə sosial, iqtisadi və digər sahələrdə bir sıra uğurlar əldə etdiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndirir. Çünki Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər və ənənələr birləşdirir. Xalqlarımız həmişə sülh, əmin-amanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.
Spiker bildirib ki, dövlətlərarası münasibətlərimiz məhz bu möhkəm təməl üzərində qurulub. O, bu münasibətlərin yaranmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmonun xüsusi rolunu qeyd edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan indiyədək ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində fəal və ardıcıl qarşılıqlı fəaliyyət mövcuddur. Spiker Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmon arasında şəxsi dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına mühüm töhfələrini xüsusilə qeyd edərək, ikitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində fəal dialoq və müntəzəm görüşlərin keçirildiyini vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyev 2023-cü ilin aprelində Tacikistana dövlət səfəri edib və həmin ilin sentyabrında Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak edib. Prezident Emoməli Rəhmon 2023-cü ilin noyabrında Bakıda BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üzrə Xüsusi Proqramının Sammitində iştirak edib, 2024-cü ilin mayında isə Azərbaycana dövlət səfəri edib. Bu təmaslar zamanı aparılan danışıqlar və əldə olunan razılaşmalar, imzalanmış çoxsaylı sənədlər ikitərəfli əməkdaşlığın bütün sahələrində fəal qarşılıqlı fəaliyyətin inkişafına güclü təkan verib. Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması isə ölkələrimiz arasında münasibətləri keyfiyyətcə tamamilə yeni səviyyəyə qaldırıb.
Milli Məclisin sədri bildirib ki, dövlət qurumlarımız yüksək səviyyədə qəbul edilmiş qərarların birmənalı şəkildə praktiki icrasını reallaşdırır ki, bu da iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə ardıcıl işlərdə özünü göstərir.
Spiker Sahibə Qafarova çıxışında onu da qeyd edib ki, ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Biz parlamentarilər xalqımızı təmsil edirik, işimiz isə onun iradəsini əks etdirir.
Azərbaycan və Tacikistan parlamentləri arasında əlaqələrdən danışan Sahibə Qafarova bildirib ki, bu gün qanunverici orqanlarımız arasında həm ikitərəfli səviyyədə, həm də Parlamentlərarası İttifaq, MDB Parlamentlərarası Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, Asiya Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq qurulub.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, parlament sədrlərinin qarşılıqlı səfərləri, dostluq qruplarının fəaliyyəti bu əməkdaşlığın inkişafına töhfə verir. Rüstəmi Emomalinin 2022-ci ildə Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisi arasında əməkdaşlıq haqqında Saziş” də bizim ölkələrimiz arasında siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə, möhkəmlənməsinə kömək etmək niyyətlərimizi təsdiqləyir.
Çıxışının sonunda Milli Məclisin sədri Sahibə Qafarova bir daha parlamenti və qardaş Tacikistan xalqını Konstitusiyanın 30 illiyi münasibətilə təbrik edib, onlara uğurlar və firavanlıq arzulayıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi