Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb

Sədrin səfərləri
11 oktyabr 2024 | 16:46   
Paylaşın:        

Tacikistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Milli Məclisə seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edən Tənzilə Narbayeva əminliyini ifadə edib ki, qarşıdakı dövrdə də iki ölkənin qanunverici orqanları arasında yüksək səviyyəli əməkdaşlıq və sıx təmaslar davam etdiriləcək.

Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, xalqlarımız arasında oxşar dini və mənəvi dəyərlər, dil birliyi əlaqələrimizin daha da genişlənməsinə böyük töhfələr verir. Spiker Sahibə Qafarova Azərbaycan və Özbəkistan arasında münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra yeni mərhələyə yüksəldiyini diqqətə çatdırıb. Tərəflər ölkələrimiz arasında bir çox sahələri əhatə edən geniş əlaqələrin inkişafında ölkə başçılarının rolunu xüsusi qeyd ediblər.

Söhbət zamanı dost ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafının qanunvericilik orqanları arasında da əlaqələrin daha da genişlənməsini şərtləndirdiyi diqqətə çatdırılıb. Parlament sədrləri son illərdə həm Azərbaycanda, həm də Özbəkistanda keçirilən ikitərəfli görüşlərini məmnunluqla xatırlayaraq, qarşılıqlı təmasların, səfərlərin əlaqələrimizə verdiyi mühüm töhfələri vurğulayıblar. Parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsində cari ildə imzalanan Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planının ("Yol Xəritəsi") əhəmiyyəti xüsusilə qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular haqqında fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU