Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüş keçirilib

Tədbirlər
14 oktyabr 2024 | 16:51   
Paylaşın:        

Oktyabrın 14-də Milli Məclisin Elm və təhsil komitəsi və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti arasında görüş keçirilib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini səmimi salamlayaraq bu cür görüşlərin və  qarşılıqlı səfərlərin ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin inkişafına xidmət etdiyini deyib. Komitə sədri Ulu Öndər Heydər Əliyevin Azərbaycanla Türkiyə arasında əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini xatırlayıb, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluğu sayəsində münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycanla Türkiyənin dostluğunun, qardaşlığının bütün dünya üçün nümunə olduğunu vurğulayıb, bu birliyin tarixi sınaqlardan keçməsindən danışıb. Komitə sədri ölkələrimiz arasında olan yüksək səviyyəli əməkdaşlığın elm və təhsil sahəsində də məmnunluq doğurduğunu qeyd edərək,  bu sahədə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib.

TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komitəsinin sədri Mahmut Özer, Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və Şimali Kipr Türk Cümhuriyyəti ilə dostuq qrupunun rəhbəri  Orhan Erdem Azərbaycan parlamentinin deputatlarını VII çağırış Milli Məclisə seçilmələri münasibəti ilə təbrik ediblər və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. TBMM-in üzvləri ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığın getdikcə daha da möhkəmlənməsindən məmnunluqlarını bildiriblər, bu əlaqələrin daha da şaxələndirliməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev, deputatlar Əziz Ələkbərov, Ağalar Vəliyev, Mehriban Vəliyeva, Fatma Yıldırım, Anar Məmmədov və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxış ediblər, iki ölkə arasında dinamik inkişaf edən dostluq və qardaşlıq münasibətlərinin regionda və dünyada sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.

Səmimi söhbət şəraitində davam edən görüşdə dost ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsi, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU