MƏTBUAT KONFRANSINDA
Yanvarın 30-da parlamentdə Milli Məclis Sədrinin müavini Bahar Muradovanın və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin iştirakı ilə 2011-ci il payız sessiyasının yekunlarına həsr olunmuş ənənəvi mətbuat konfransı keçirildi.
Tədbiri açan Mətbuat katibi Akif Nəsirov ötən sessiyada fəal iştirak etdiklərinə görə KİV nümayəndələrinə təşəkkürünü bildirdi. 2011-ci ildə Azərbaycanın hərtərəfli uğurlar əldə etdiyini vurğulayaraq qeyd etdi ki, həm daxili, həm də xarici siyasət sahəsində ölkəmizin qazandığı uğurlarda parlamentin özünəməxsus rolu var.
Sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova parlament rəhbərliyi adından mətbuat konfransına toplaşan media nümayəndələrini salamladı. Yola saldığımız 2011-ci ilin əsasən yubiley ili kimi yadda qaldığını vurğulayan vitse-spiker dedi ki, dövlət müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş tədbirlər eyni zamanda görülmüş işlərin hesabatı oldu. Faktlar göstərdi ki, ötən 20 ildə Milli Məclis Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, dönməz xarakter almasında və daha da inkişaf etməsində öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirib.
2011-ci ilin payız sessiyasında parlamentin fəaliyyətindən bəhs edən Bahar Muradova məlumat verdi ki, həmin dövrdə Milli Məclisin 12 iclası keçirilib, 107 qanun və qərar qəbul olunub. Onlardan biri cəmiyyətin çoxdan gözlədiyi “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunudur ki, bu sənəd ölkəmizdə dövlətçilik ənənələrinin və siyasi mədəniyyətin möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Payız sessiyasında Milli Məclis komitələrinin fəal işlədiyini qeyd edən vitse-spiker bildirdi ki, sessiya müddətində komitələrin 56 iclası olub, 166 məsələyə baxılıb, o cümlədən 147 qanun layihəsi müzakirə edilib. Bütövlükdə 2011-ci ilin yaz, növbədənkənar və payız sessiyaları dövründə Milli Məclisin 30 iclası keçirilib, parlamentdə qəbul olunmuş qanun və qərarların ümumi sayı isə 290-dır.
Bildirildi ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın inkişafı sahəsində məqsədyönlü iş payız sessiyasında da davam etdirilib, hüquqi sahəyə aid bir sıra qanunlar qəbul olunub. Bu baxımdan bir sıra məcəllələrdə, Konstitusiya Məhkəməsi, penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası, prokurorluq, əməliyyat-axtarış fəaliyyəti, icra məmurları, notariat, yol hərəkəti haqqında qanunlarda dəyişikliklər edilibdir.
Bahar Muradova dedi ki, Azərbaycanın müdafiə qüdrətinin gücləndirilməsi istiqamətində aparılan islahatlar qanunvericilik sahəsindən də yan keçmir. Dövrün tələbinə uyğun olaraq ordu quruculuğu və müdafiə sahəsini tənzimləyən bəzi qanunlarda, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi xidmətə çağırışın əsasları haqqında” və “Hərbi xidmət haqqında” qanunlarda zəruri dəyişikliklər aparılıbdır.
Mətbuat konfransında jurnalistlərin nəzərinə çatdırıldı ki, ötən dövrdə bələdiyyələrlə bağlı bir sıra qanunlarda dəyişikliklər edilməsi yerli özünüidarə institutlarının fəaliyyətini daha da təkmilləşdirmək və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi daşıyıb. Həmçinin ölkəmizin inzibati ərazi bölgüsünün təkmilləşdirilməsi məqsədilə Lənkəran, Gədəbəy və İsmayıllı rayonlarının, Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilibdir.
Milli Məclis Sədrinin müavini vurğuladı ki, 2011-ci ildə dünyada qlobal iqtisadi böhranın əlamətləri davam etsə də, ölkə rəhbərliyinin məqsədyönlü iqtisadi siyasəti sayəsində Azərbaycan inkişaf dinamikasını saxlamağa nail olub. Payız sessiyasında büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisdə geniş müzakirə edilərək qəbul olunub. İqtisadi sahəyə dair “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Rəsmi statistika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” qanunlara, Mülki, İnzibati Xətalar və Vergi məcəllələrinə dəyişikliklər edilibdir. Milli Məclisdə “Sosial sığorta haqqında” qanunun qəbulu bu sahədə işi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq məqsədi daşıyır. Sessiya müddətində Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi də parlamentdə I oxunuşdan keçib.
Nəzərə çatdırıldı ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” (I oxunuş), “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihələrinin müzakirəsi və qəbulu göstərir ki, deputatlarımız qanun yaradıcılığı baxımından aqrar sahəni də diqqətdə saxlayıblar.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən qanunvericilik aktları hazırlanıb. “Psixiatriya yardımı haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” (I oxunuş) qanun layihələri bunun bariz nümunəsidir.
Media təmsilçilərinə bildirildi ki, hazırda parlamentdə “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Ali təhsil haqqında”, “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında”, “Pasiyentin hüquqları haqqında”, “Mədəniyyət haqqında” qanun layihələri üzərində iş davam etdirilir.
Payız sessiyası dövründə bir sıra dövlətlərarası və hökumətlərarası sazişlər, konvensiyalar və müqavilələr də parlamentdə ratifikasiya olunub. Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə soydaşlarımızı təbrik edib. Azərbaycan parlamenti qardaş Türkiyəyə dəstək verərək Fransa parlamentinin aşağı palatasında və Senatda müzakirəyə çıxarılan uydurma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanun layihəsi ilə əlaqədar Fransa parlamentinə müraciət ünvanlayıb.
Vitse-spiker payız sessiyası dövründə parlamentin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində deputatların fəaliyyəti, beynəlxalq təşkilatların tədbirlərində iştirakı və səfərləri barədə də ətraflı məlumat verdi. Eyni zamanda sessiya ərzində bir sıra xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinin Milli Məclisdə olduğunu və Azərbaycan parlamentinin işi ilə yaxından maraqlandığını bildirdi. Milli Məclisdə keçirilən bütün görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və Dağlıq Qarabağ probleminin həlli yolları ilə bağlı fikir mübadiləsi aparıldığını vurğuladı.
USAİD-in DAİ (“Parlament Proqramı”) təşkilatı ilə birlikdə Milli Məclisin deputatları, deputat köməkçiləri və aparatın əməkdaşları üçün maarifləndirmə layihələrinin həyata keçirildiyi, parlamentdə informasiya texnologiyalarının tətbiqi sahəsində bütün proqram təminatının lisenziyalaşdırıldığı diqqətə çatdırıldı.
Jurnalistlərə məlumat verildi ki, ötən il Milli Məclisə vətəndaşlardan 5463 təklif, ərizə və şikayət daxil olub, parlamentdə 5481 vətəndaş qəbul edilib, 277 vətəndaş isə qəbula elektron poçt vasitəsi ilə yazılıbdır. Parlamentin payız sessiyasının işini işıqlandırmaq üçün 66 KİV nümayəndəsi akkreditə olunubdur.
Mətbuat konfransında payız sessiyasının yekunlarına dair məlumat dinlənildikdən sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistləri maraqlandıran suallara ətraflı cavab verdilər.
Milli Məclisin
Mətbuat xidməti