MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
25 may 2013 | 03:05   
Paylaşın:        

Milli Məclisin mayın 24-də keçirilən iclasında əvvəlcə cari məsələlər müzakirə edildi.
Milli Məclisin Sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki sənədlərin müzakirəsinə başlandı.  İclasda əvvəlcə  Azərbaycan və Monteneqro arasında imzalanmış bir sıra sənədlər - dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə, iki ölkə hökumətləri arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya və onun Protokolu, həmçinin beynəlxalq kombinə edilmiş daşımalar haqqında Saziş ratifikasiya olundu.
Sonra deputatlar Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsini təsdiq etdilər. Sənədləri təqdim edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, bu beynəlxalq sənədlər Azərbaycanın həmin ölkələrlə əlaqələrinin inkişafının göstəricisidir.
Millət vəkilləri Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun təqdim etdiyi "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında" Müqaviləni də  təsdiqlədilər. Bildirildi ki, bu müqavilə 30 iyun-16 iyul 2013-cü ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkilatçılıq məsələlərini özündə əks etdirir.
Sonra iclasda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 12 iyun tarixli Qanunda dəyişiklik edildi.  Qanunda göstərilir ki, 2013-cü il iyunun 1-dən qüvvəyə minməsi nəzərdə tutulan qanun sentyabrın 1-dən qüvvəyə minəcək.
Bu barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, qanuna dəyişikliyin edilməsi barədə müraciət Daxili İşlər Nazirliyinin orqanlarından daxil olub. O qeyd etdi ki, həmin qurumlar yeniliklərin tətbiqi üçün müəyyən texniki işlərin aparılmasına ehtiyac olduğunu və buna zaman lazım olduğunu bildiriblər. Sentyabrın 1-dən artıq yeniliklərin tətbiqinə başlanacaq və problem olmayacaq.
İclasda  "Əmək pensiyaları haqqında" və “Daşınmaz əmlakın dövlət reyestri haqqında”  Qanunlara da dəyişikliklər edildi. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxışı zamanı bildirdi ki, "Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişiklik xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pensiya təminatını xeyli yüngülləşdirəcək. Dəyişikliyə əsasən, xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının  təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq. Onlar müvafiq sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik  nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edəcəklər. Bildirildi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”  Qanuna edilən dəyişiklik isə texniki xarakterlidir.
Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Miqrasiya Məcəlləsini də ikinci oxunuşda müzakirə etdilər. Layihəni təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırdı ki, bu məcəllə indiyədək miqrasiya sahəsində mövcud olan qanunvericilik aktlarının məcmusudur. Bu məcəllə dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.
Müzakirələr zamanı çıxış edən deputatlar Məcəllə layihəsi barədə fikirlərini bildirdilər. Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdikdən sonra Miqrasiya Məcəlləsi ikinci oxunuşda səsə qoyularaq qəbul olundu.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU