Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə keçirilib

Tədbirlər
21 oktyabr 2024 | 18:31   
Paylaşın:        

Oktyabrın 21-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirəsi keçirilib. İclasda Milli Məclisin deputatları, beyin(araşdırma) mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər, parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov iştirak ediblər.

Müvəqqəti komissiyanın sədri Ramid Namazov iclası açaraq bildirib ki, qeyd olunan tədbir Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən təşkil edilib.

O, qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərimizdən və ötən il suverenliyimizin tam bərpasından sonra bunu həzm edə bilməyən bəzi xarici dairələr dövlətimizə qarşı məkrli planları nəzərdən keçirməyə başlayıblar. Komissiya sədri vurğulayıb ki, Milli Məclis ölkəmizin inkişafı və təhlükəsizliyi naminə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə daim dəstək verib və bundan sonra da verəcəkdir. Eyni zamanda, Milli Məclis öz səlahiyyətləri çərçivəsində Azərbaycan xalqına qarşı, dövlətimizin bütövlüyünə və qanunlarına, milli-mənəvi dəyərlərinə, beynəlxalq nüfuzuna və digər vacib sahələrə təhdid yaradan hallarla mübarizədə qətiyyət nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, cari ilin noyabr ayında ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a, habelə Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına ev sahibliyi edəcək. Dünyada keçirilən ən böyük beynəlxalq və mötəbər konfranslardan biri hesab olunan bu tədbir yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma və media kampaniyalarının da sürətlə artdığı müşahidə edilir.

Qeyd olunub ki, bugünkü ictimai müzakirənin əsas məqsədi ölkə ictimaiyyətinin baş verən proseslər barədə məlumatlandırılması, o cümlədən dövlətimizə qarşı aparılan çirkin kampaniyaların haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu göstərmək, bununla bağlı deputatlar, vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlərlə fikir mübadiləsi aparmaqdır.

Ramid Namazov COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin əsasən iki növündən  aktiv istifadə olunduğunu söyləyib. Birincisi, dezinformasiyalar, o cümlədən media və qarayaxma kampaniyaları, fake/saxta xəbərlər, ikincisi isə “Lawfare” adlı hibrid təhdid növüdür ki, bu da özündə hüquqi vasitələrdən “silah” kimi istifadəni ehtiva edir. Bura müxtəlif parlamentlərdə qəbul olunan anti-Azərbaycan qətnamələri, əsassız beynəlxalq məhkəmə iddialarını və sanksiyaları aid etmək olar.

Bildirilib ki, COP29-a ev sahibliyi hüququ 200-ə yaxın ölkə tərəfindən yekdilliklə Azərbaycana veriləndən dərhal sonra əldə etdiyimiz uğurları qəbul etməyən bəzi qüvvələr müxtəlif bəhanələr gətirərək beynəlxalq mediada bizə qarşı kampaniyaya başladılar. “Neft ölkəsi nəyə görə BMT-nin iqlim konfransına ev sahibliyi etməlidir”, “COP29-la bağlı yaradılan təşkilat komitəsində qadınların olmaması”, “insan hüquqları”, “Ermənistanla sülh sazişi” kimi məsələlərlə bağlı əsassız ittihamlar irəli sürülüb.

Komissiya sədri BMT Nizamnaməsinə əsasən, qurum üzvlərinin beynəlxalq münasibətlərdə istənilən dövlətin ərazi bütövlüyünə (toxunulmazlığı) və ya siyasi müstəqilliyinə qarşı təhdiddən və ya gücdən istifadədən, habelə BMT-nin məqsədləri ilə uzlaşmayan istənilən hərəkətlərdən çəkinməli olduğunu söyləyib. O, Ermənistanın və ona havadarlıq edən bəzi ölkələrin bizə qarşı apardıqları çirkin kampaniyaların beynəlxalq hüquqa zidd olduğunu deyib. Qeyd edib ki, həmin dövlətlər müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatları yaradır, bu təşkilatlara  maliyyə və siyasi dəstək verir, sonra isə başqa bir dövlətə bu cür təşkilatlar vasitəsilə müxtəlif mövzularda hücumlar edir, bəyanatlar verdirir, beynəlxalq nüfuzunu zədələmək, sanksiya və başqa vasitələrlə təhdid etməyə başlayırlar.

Ramid Namazov bu günlərdə ABŞ Konqresinin 60 üzvünün öz dövlət katiblərinə müraciət edərək Azərbaycana təzyiq göstərməyi tələb etdiyini deyərək, Azərbaycan Prezidenti  tərəfindən onların cavablarının tutarlı arqumentlərlə verildiyini, eyni zamanda, ölkə ictimaiyyəti və Milli Məclisin də bu təxribata öz münasibətini bildirdiyini nəzərə çatdırıb. O, Niderland parlamentinin Nümayəndələr Palatasının bu yaxınlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrini isə ABŞ Konqresinin çağırışına dəstək kimi qiymətləndirib. Habelə, AŞPA-da Azərbaycanda insan hüquqları, qanunun aliliyi, demokratiya ilə bağlı vəziyyətə dair keçirilən müzakirələrin, qəbul edilən qətnamələrin heç bir əsasının olmadığını qeyd edib. Komissiya sədri ölkəmizə qarşı çirkin kampaniya çərçivəsində müxtəlif koalisiyaların yaradıldığını, geniş ictimaiyyətin fikrini çaşdırmaq məqsədilə sosial media platformalarının gücündən də istifadə edərək həqiqətə uyğun olmayan, qərəzli məlumatların yayıldığını, lüzumsuz tələblərin qoyulduğunu söyləyib.

O, deyib ki, ABŞ Konqresi tərəfindən tam maliyyələşən Milli Demokratiya Fondu, habelə “Freedom House”, “Human Rights Watch”, İşgəncələrə qarşı Ümumdünya Təşkilatı, Amnesty International, İnsan hüquqları üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı kimi qurumlar Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayaraq, ölkəmizə qarşı təşkil etdikləri hibrid təhdidlərlə gizli formada sadə insanların beyinlərinə təsir etməklə öz strateji məqsədlərinə çatmağı hədəfləyirlər. Qeyd edilib ki, göstərilən bütün bu çirkin əməllərin məqsədi COP29-a sayılı günlər qaldığı bir vaxtda anti-Azərbaycan əhval-ruhiyyəni qızışdırmaq, ölkənin adını mənfi formada hallandırmaq yolu ilə bizə təzyiq göstərərək öz maraqlarını təmin etməkdir.

Bildirilib ki, Azərbaycana qarşı kampaniyanın ayrıca bir istiqaməti isə Ermənistan dövləti, erməni lobbi təşkilatları və erməni əsilli zəngin iş adamları tərəfindən aparılır. Bu ölkə COP29 tədbirinin Azərbaycanda keçirilməsinə formal olaraq razılıq versə də, arxa planda həmişə dövlətimizə qarşı bütün platformalarda əks təbliğat aparır, iqlim konfransına aidiyyəti olmayan məsələləri qabardaraq süni gərginlik yaratmağa, Azərbaycanın beynəlxalq nüfuzunu zədələməyə cəhdlər edir. Hazırda ortaya yeni bir tezis atıblar ki, guya Azərbaycan Ermənistana qarşı gələcək eskalasiyanı qanuniləşdirmək üçün COP29-dan istifadə edəcəkdir.

Vurğulanıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Qeyd olunan bütün məkrli niyyətlərə baxmayaraq, bu günə qədər bir çox beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etmiş Azərbaycan COP29 beynəlxalq konfransının da yüksək səviyyədə keçirilməsinə nail olacaq və bu,  xalqımızın növbəti böyük uğuru olacaq.

Sonra tədbirdə çıxış edən deputatlar Gülşən Paşayeva, Sevil Mikayılova, Pərvanə Vəliyeva, Mübariz Qurbanlı, Elman Nəsirov, Nurlan Həsənov, Kamran Bayramov, habelə  Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Sosial Təhqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov müzakirəyə çıxarılan mövzunun aktuallığını qeyd ediblər. Bəzi xarici dövlətlərin ölkəmizə qarşı  qərəzli mövqeyi, xarici müdaxilələrin qarşısının alınması ilə bağlı mübarizə sahəsində ciddi addımların atılmasının əhəmiyyətindən danışıblar.

Bildirilib ki, ölkəmizə qarşı hibrid təhdidlər, o cümlədən düşmənçilik xarakteri daşıyan məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyaları  təhlükəsizlik baxımından böyük önəm daşıyır. Bütün bu mənfi təsirlərin, xüsusilə ölkəmizdə keçiriləcək COP29-la bağlı artan təhdidlərin qarşısının alınması istiqamətində əməli addımların atılmasının vacibliyi vurğulanıb. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, COP-29-un təşkili sahəsində görülən işlər barədə geniş ictimaiyyətin məlumatlandırılması, sosial media iştirakçılarının bu məsələdə fəallığının artırılması, məkrli niyyətlərə qarşı vətəndaşlarımızın ayıq-sayıq olması, əhali arasında maarifləndirmə və təbliğatın aparılması kimi addımların əhəmiyyətindən söhbət açılıb.

İctimai müzakirələrdə iştirak edən UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə heyətinin sədri Elvin Balacanov, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, Azərbaycan Milli QHT Forumu İdarə heyətinin üzvü Zaur İbrahimli öz çıxışlarında ideoloji təhlükəsizlik məsələlərinin həmişə aktual olduğunu, bu sahədə həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini söyləyiblər. Çıxış edənlər ölkəmizə yönəlmiş yersiz təhdidlərin, əsassız dezinformasiyaların qarşısının alınması, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər.

Tədbirin sonunda Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov mövzu ətrafında konstruktiv müzakirələrin aparıldığını və bunun öz səmərəsini verəcəyinə inamını bildirib. O, ölkəmizin ev sahibliyi ilə keçiriləcək COP29-un Azərbaycanın növbəti uğuru olacağına əminliyini ifadə edib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU