Milli Məclisin iclasında

Plenar iclaslar
29 oktyabr 2024 | 17:12   
Paylaşın:        

 

Oktyabrın 29-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Spiker xatırladıb ki, Milli Məclis bu qətnaməyə dərhal öz münasibətini bildirib və bu münasibət mətbuatda dərc edilib.

Milli Məclisin sədri bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur. Biz ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları, cəfəng iddiaları, təhdid və tələbləri qətiyyətlə rədd edirik.

Bu cür ədalətsiz və qeyri-obyektiv sənədlərin ortaya çıxması Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha açıb göstərir. Spiker deyib ki, Avropa Parlamenti bu qətnaməsi ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli münasibətini nümayiş etdirir, həm də dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxuyur.

Spiker əlavə edib ki, Ermənistan Respublikası 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, 1 milyon soydaşımızı qaçqın və məcburi köçkün həyatına məhkum etmiş, xalqımıza qarşı dəhşətli cinayətlər törətmiş, şəhər və kəndlərimizi, milli-mənəvi, tarixi və dini mirasımızı talan etmişdir. O dövrdə beynəlxalq ictimaiyyət nədənsə susmağa üstünlük verirdi.

44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələrdən sonra isə Avropa Parlamentində, digər təşkilatlarda və ölkələrdə Azərbaycanofob, türkofob və islamofob qüvvələr bütün beynəlxalq davranış normalarını və nəzakət qaydalarını bir kənara qoyaraq, ölkəmizə qarşı sanki yürüşə çıxmışlar.

Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamenti Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirdən ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə cəhd göstərir. İqlim dəyişmələri qlobal problemdir və birlik tələb edir, lakin bu məsələdən də Azərbaycan əleyhinə gündəliyin təbliği üçün istifadə olunur.

Spiker bildirib ki, Milli Məclis olaraq, biz həmişə qeyd edirik ki, Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır və regionda sülh yaradılmasına sadiqdir, lakin hər hansı qərəzi, əsassız iddianı və tələbi, aqressiv ritorikanı qətiyyətlə rədd edir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil daxili və xarici siyasət yeridir və heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz.

Sonra Milli Məclisin sədri bildirib ki, bu günlərdə Gürcüstan və Özbəkistanda parlament seçkiləri keçirilib. Milli Məclisin üzvləri də bu seçkiləri müşahidə ediblər. Artıq hər iki seçkinin uğurla baş tutduğunu söyləmək olar.

Spiker qeyd edib ki, biz Azərbaycana dost və qardaş ölkələrin əldə etdikləri nailiyyətlərə ürəkdən sevinirik və inanırıq ki, bu seçkilər Gürcüstan və Özbəkistanın hərtərəfli tərəqqisinə, eyni zamanda Azərbaycanın bu ölkələrlə münasibətlərinin, sülh, sabitlik və davamlı inkişaf naminə əməkdaşlığının daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəkdir.     

Sonra cari məsələlərin müzakirəsi zamanı komitə sədrləri Səməd Seyidov, Siyavuş Novruzov, deputatlar Azər Badamov, Tural Gəncəliyev, Elşən Musayev, Nizami Səfərov, Soltan Məmmədov, Razi Nurullayev, Sahib Alıyev, Kamal Cəfərov, Bəhruz Məhərrəmov çıxış ediblər.

Fikir mübadiləsi zamanı millət vəkilləri Avropa Parlamentinin cari il oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər”  adlı qətnaməsinə öz münasibətlərini bildiriblər. Qeyd olunub ki, bu cür məkrli, qərəzli cəhdlərin arxasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsinə mane olmaq məqsədi dayanır. Sənəddə əks etdirilən iddiaların həqiqətə uyğun olmadığı, hüquqi və siyasi baxımdan əsassız olduğu söylənilib. Eyni zamanda, nəzərə çatdırılıb ki, bu gün Avropanın bəzi ölkələrində, xüsusilə Fransada insan haqlarının pozulması və beynəlxalq hüququn tapdalanması halları müşahidə olunur. Avropalı parlamentarilər anlamalıdır ki, Azərbaycanda insan haqlarına, beynəlxalq hüquqa hörmətlə yanaşılır və onlar  qəbul etdiyi qərəzli qətnamələrlə ölkəmizi öz ədalətli mövqeyindən çəkindirə bilməzlər.

Çıxışlarda vurğulanıb ki, müasir dövrdə beynəlxalq müstəvidə güclü söz sahibi olan Azərbaycan öz dövlət başçısının rəhbərliyi altında müstəqil xarici və daxili siyasət həyata keçirir və heç bir hibrid təhdidlər, xarici müdaxilə cəhdləri bizi bu yoldan döndərə bilməz. Hazırda Azərbaycan regionda yeni reallıqlar yaradaraq, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün ciddi səylər göstərir.

Bildirilib ki, ölkəmiz COP29-a ev sahibliyi etməklə iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəylik yaratmaq, dünya ictimaiyyəti arasında körpülər salmağa çalışır, dünyada müharibələrin dayandırılması  təşəbbüsü ilə çıxış edir. Diqqətə çatdırılıb ki, dövlətimiz COP29-un yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib. Konfransa hazırlıqla əlaqədar Azərbaycan bir çox ölkələrlə, mötəbər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Habelə, COP29 çərçivəsində Parlament Konfransının təşkil olunacağı, Milli Məclisin bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün öz üzərinə düşən vəzifələri böyük məsuliyyətlə və operativ şəkildə yerinə yetirəcəyi qeyd olunub.

Deputatlar ölkə daxilində və xaricdə gündəmdə olan bir sıra digər aktual məsələlər barədə də öz fikirlərini bölüşüblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 11 məsələnin daxil edildiyini, ilk 2 məsələnin beynəlxalq sənədlərin təsdiqi barədə qanun layihələri olduğunu deyib. O, qeyd edib ki, beynəlxalq müqavilələrlə bağlı olan qanun layihələri “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda müzakirədən keçir.

İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib. Bildirilib ki, 12 maddədən ibarət olan Saziş 19 avqust 2024-cü il tarixində Bakı şəhərində 5 il müddətinə imzalanıb.

Qeyd olunub ki, Sazişin əsas məqsədi beynəlxalq ticarət zamanı bitki məhsullarının təhlükəsizliyini təmin etmək, onların üzərində aparılan karantin tədbirləri vasitəsilə zərərli orqanizmlərin yayılmasının qarşısını almaqdır. Saziş bitki karantini və mühafizəsi sahəsində Azərbaycan və Rusiya arasında səmərəli və uzunmüddətli əməkdaşlığı təşviq edir, qarşılıqlı fitosanitar tələblərə cavab verən beynəlxalq ticarətin təhlükəsizliyini təmin edir. Bu istiqamətdə Azərbaycan Respublikasının səlahiyyətli orqanı qismində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Rusiya Federasiyası adından isə Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmət təyin olunur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin rəyini açıqlayıb.

Məsələ ilə bağlı komitə sədri Musa Quliyev bəzi qeydlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti məsələ “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsidir. O, qeyd edib ki, bu müqavilənin bağlanması türk xalqları ailəsinin möhkəmləndirilməsi yolunda əldə edilən növbəti böyük uğurdur və tarixi əhəmiyyətə malikdir. Türk xalqları ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyən sədr, Azərbaycan və Özbəkistanın dost və qardaş xalqları və dövlətləri arasında müttəfiqlik münasibətlərinin digər məsələlərlə yanaşı, müasir çağırışlar şəraitində regional və qlobal problemlərə ümumi baxışların həyata keçirilməsinə kömək göstərəcəyini söyləyib.

Məsələni təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov diqqətə çatdırıb ki, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" 23 avqust 2024-cü il tarixində Daşkənd şəhərində Azərbaycan və Özbəkistan dövlət başçıları tərəfindən imzalanıb. 24 maddədən ibarət Müqavilə ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək və ona tərəflərin milli maraqlarına tam şəkildə cavab verəcək müttəfiqlik xarakterli yeni, çoxşaxəli məzmun vermək məqsədi daşıyır.

Müqaviləyə əsasən, tərəflər uzunmüddətli əsasda, hərtərəfli əməkdaşlığı, etimadı, bərabərliyi və milli maraqları qarşılıqlı nəzərə alaraq müttəfiqlik münasibətləri qururlar və inkişaf etdirirlər. Müttəfiqlik münasibətlərinin hər iki dövlətin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipləri əsasında qurulması qərara alınır. Müqavilə ilə tərəflər öz üzərinə bir-birinə qarşı yönəlmiş heç bir ittifaqda iştirak etməmək, habelə üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsi zamanı bir-birinə zəruri yardım göstərmək kimi öhdəliklər götürürlər.

Sənədin müvafiq maddələrində ikitərəfli iqtisadi, aqrar-sənaye, təhsil, mədəniyyət və digər sahələr, o cümlədən beynəlxalq xarakterli məsələlər üzrə qarşılıqlı əməkdaşlığın inkişafı üçün tərəflər üzərinə müəyyən öhdəliklər qoyulur və müxtəlif xarakterli ümumi problemlərin həlli üçün konkret tədbirlər sadalanır. Müqavilə, həmçinin, tərəflərin xarici siyasət, müdafiə, təhlükəsizlik kimi sahələrdə, habelə parlament diplomatiyası üzrə qarşılıqlı fəaliyyətinin tənzimlənməsinə dair müddəaları özündə ehtiva edir və çoxşaxəli əməkdaşlığın formalarını müəyyən edir.

Müzakirələr zamanı Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, deputat Qüdrət Həsənquliyev bu sənədin Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsi, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Spiker Sahibə Qafarova öz çıxışında Milli Məclislə Özbəkistan parlamenti arasında əməkdaşlığın inkişafına dair sənədin imzalandığını qeyd edərək, orada hər bir komitənin üzərinə qoyulan müvafiq vəzifələrdən danışıb.  

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti 3 məsələnin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən söhbət açıb.

Bildirilib ki, layihədə alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunmasına dair 29-1-ci maddənin əlavə edilməsi təklif olunur. Dəyişiklikdə alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən edilməsi, minimum qiymətin müəyyən edilməsi məqsədilə müvafiq qaydanın təsdiq edilməsi, pərakəndə satışının minimum qiymətinin müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasının qadağan edilməsi ehtiva olunur.

Komitə sədri qeyd edib ki, layihə Azərbaycan Respublikası Prezidentinin "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 7 fevral 2023-cü il tarixli sərəncamı çərçivəsində hazırlanıb. Burada məqsəd ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınmasıdır. Sənəddə spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsi, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunması nəzərdə tutulur.

Qanun layihəsi alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcəkdir.

Məsələ ilə əlaqədar Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, parlamentin komitə sədri Zahid Oruc, komissiya sədri Eldar Quliyev, deputatlar Razi Nurullayev, Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov, Bəxtiyar Əliyev, Erkin Qədirli, Hikmət Məmmədov, Rəşad Mahmudov öz fikirlərini və bəzi qeydlərini açıqlayıblar. Komitə sədri Azər Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətirib.

Spiker Sahibə Qafarova məsələyə dair öz fikirlərini bildirib, bu sahədə əhali arasında  maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib.

Sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İclasda Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə danışıb.

Nəzərə çatdırılıb ki, layihə bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir. Sənədə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu zaman xərclər üzrə ödənişlərin icrasını ödəniş xidməti təchizatçıları (banklar, ödəniş təşkilatları və digər) təmin edəcək. Qeyd olunub ki, "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.4.1-ci maddəsinə əsasən, vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Adı çəkilən qanuna təklif olunan dəyişikliyə əsasən, bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sənəd barədə bu komitənin müsbət rəy verdiyini açıqlayıb.

Məsələ ətrafında müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputat Elşad Musayev öz fikirlərini söylədikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən bəhs edib. O, qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunan sənəddə hərbi xidmətin təkmilləşdirilməsi və hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılma prosedurlarının daha şəffaf və səmərəli qaydada həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Bildirilib ki, layihə ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçuların səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyən edilməsi üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməməsi hallarını müəyyən edir. Bu dəyişiklik, xidmətin davam etdirilməsini mümkün etməyən hallar zamanı, xüsusilə xidmətə uyğunsuzluq hallarında, hərbi qulluqçuların ehtiyata buraxılma prosedurlarının sadələşdirilməsini təmin edir. Bu sadələşdirmə hərbi müayinədən keçmədən xidmətin dayandırılması və ya işdən azad edilmə prosedurunu nəzərdə tutur.

Sənəddə, eyni zamanda, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Əsasnamədə mövcud olan qeyri-müəyyən ifadələrin aradan qaldırılması məqsədilə texniki düzəlişlər də öz əksini tapıb.

Layihə hərbi xidmətin keyfiyyətini artırmaq və hərbi qulluqçuların hüquqlarını daha səmərəli qorumaq məqsədi ilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin digər 6 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu qeyd edib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihəyə əlavə rəy və təklifin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Sənədə əsasən, Qanunun 9.6-cı maddəsinin mövcud redaksiyasında nəzərdə tutulan Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda müvafiq vasitələrlə təmin edilməsi qaydası və təminat norması müəyyən edilməyəcək, onlar üçün ümumi qayda müəyyən olunacaq.

Milli Məclis sədrinin müavini Rafael Hüseynov məsələ ilə bağlı, habelə Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi, ordumuzun inkişafı, əldə etdiyini nailiyyətlər barədə fikirlərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra gündəliyin 7-ci məsələsi olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verilib.

Komitə sədri Arzu Nağıyev layihənin birinci oxunuşu zamanı aparılan müzakirələrdə deputatların bir neçə texniki məsələ ilə bağlı qeydlərinin aydınlaşdırıldığını diqqətə çatdırıb. O, sənədin ikinci oxunuşda da olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənədin müzakirəsində komitə sədri Siyavuş Novruzovun qaldırdığı məsələlərə  komitə sədri Arzu Nağıyev aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, layihədə hakim vəzifəsinə namizədlərin seçilməsi və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi nəzərdə tutulub. O, diqqətə çatdırıb ki, sənəd barədə birinci oxunuşda ətraflı məlumat təqdim olunub və  hazırda müzakirəyə çıxarılan mətnlərdə heç bir dəyişiklik edilməyib.

Müzakirədə deputat Aydın Mirzəzadənin məsələ barədə fikirlərinə layihənin məruzəçisi Nizami Səfərov aydınlıq gətirəndən sonra  qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 9-cu məsələsi  – “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) dair məlumatı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev diqqətə çatdırıb.

Komitə sədri qanun layihəsinin əhəmiyyətini vurğulayıb. Sənəd bir tərəfdən işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlbi, həmin ərazilərdə daha səmərəli və innovativ istehsal üsullarının tətbiq edilməsi, digər tərəfdən isə orada məskunlaşan əhalinin məşğulluğunun təmin olunması, onlara sosial dəstək göstərilməsi üçün həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin ümumi qaydalardan fərqli qaydasını müəyyənləşdirir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi investisiya müsabiqələri vasitəsilə, işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə icarəyə verilməsi isə güzəştli şərtlərlə həyata keçiriləcək. Qanun layihəsinin bu müddəalarının icra mexanizmi onun qəbulundan sonra səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq olunacaq qaydalarla müəyyən ediləcək.

Müzakirələrdə parlamentin komitə sədri Əli Hüseynli, komissiya sədri Eldar Quliyev, deputat Aqil Abbas məsələ ilə bağlı fikirlərini və qeydlərini söyləyiblər.

Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Komitə sədri mülki mühakimə icraatı zamanı məhkəmə üçün nəzərdə tutulan bəzi prosessual müddətlərin dəqiqləşdirilməsi məqsədi ilə hazırlanan layihə ilə əlaqədar heç bir təklifin olmadığını bildirib və sənədin ikinci oxunuşda da olduğu kimi səsə qoyulmasını xahiş edib.

Deputat Aydın Hüseynovun sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan “Kredit büroları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.

Komitə sədri bildirib ki, təklif olunan dəyişiklik kredit institutunun vacib komponenti olan kredit bürolarının həm təşkilati, həm də infrastruktur baxımından inkişaf etdirilməsini nəzərdə tutur. O bildirib ki, layihədə əsasən üç istiqamət - kredit tarixçəsi məlumatlarının təchizatçılarının dairəsinin genişləndirilməsini, kredit tarixçəsi məlumatları üçün yeni platformanın  yaradılmasını və kredit tarixçəsi subyektlərinin hüquqlarının dəqiqləşdirilməsini ehtiva edir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU