“GƏLƏCƏYƏ BAXIŞ” ABŞ-AZƏRBAYCAN FORUMUNUN İŞTİRAKÇILARI MİLLİ MƏCLİSDƏ

Tədbirlər
27 may 2013 | 07:05   
Paylaşın:        

Bakıda keçirilən “Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunun iştirakçıları mayın 27-də Milli Məclisdə oldular. Parlamentin iclas salonunda qonaqları Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov salamladı.
Vitse-spiker ölkələrimiz arasındakı strateji əməkdaşlığa yeni impuls verəcək bu möhtəşəm tədbirin iştirakçılarına Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə məlumat verdi. Müstəqillik dövründə ABŞ-la qurulan əlaqələrimizdən danışdı, dövlətlərarası münasibətlərimizin inkişaf perspektivlərindən bəhs etdi. Qeyd olundu ki, Azərbaycan ABŞ-ı özünə tərəfdaş hesab edir. Beynəlxalq miqyasda terrora qarşı mübarizədə, dünyanın müxtəlif bölgələrində sülhyaratma əməliyyatlarında, ABŞ-da baş vermiş 11 sentyabr hadisələrində Azərbaycan birincilər sırasında Birləşmiş Ştatların yanında olub, dəstəyini əsirgəməyib.
Milli Məclis Sədrinin müavini dəyişən dünyanın enerji təhlükəsizliyində ölkəmizin mühüm rolundan xüsusi söhbət açdı. Bildirdi ki, karbohidrogen yataqları ilə zəngin olan Azərbaycan enerji ehtiyatlarının daşınması üçün də əlverişli mövqedə yerləşir. 
Azərbaycan-ABŞ münasibətlərində qanunverici orqanların və parlamentarların roluna toxunan Valeh Ələsgərov əminlik ifadə etdi ki, konqresmen və senatorların Forumla bağlı bu səfəri ölkələrimiz arasında münasibətlərin daha da yaxınlaşmasına, mövcud əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək. 
Sonra görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış etdi. Milli Məclisin tərkibi, strukturu, komitələri, fəaliyyəti, həmçinin amerikalı qonaqların heyranlıqla seyr etdikləri iclas salonu barədə  ətraflı məlumat verdi. Bildirdi ki, ölkəmizdə insan hüquqlarına yüksək dəyər verilir. Azərbaycanda gender bərabərliyi mövcuddur, dövlət idarəçiliyində, qanunverici orqanda, yerli özünüidarəetmədə qadınlar yaxından iştirak edir. Azərbaycan parlamentinin rəhbərliyində də qadınların təmsil olunması deyilənlərin bariz nümunəsidir.
 Görüşdən sonra “Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunun iştirakçıları xatirə şəkilləri çəkdirdilər. Milli Məclisin binası ilə tanışlıq qonaqlarda dərin təəssürat oyatdı.

 

 Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU