Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri Tereza Mey ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri, Lordlar Palatasının üzvü, Baronessa Tereza Mey ilə görüşüb.
Bakıda keçirilən COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdə olan qonağı səmimiyyətlə salamlayan spiker Sahibə Qafarova bu qlobal tədbirin əhəmiyyəti haqqında fikirlərini bildirib.
Baronessa Tereza Mey belə vacib qlobal tədbirə evsahibliyi etdiyi üçün ölkəmizi təbrik edərək, bildirib ki, 70 mindən çox adamın iştirak etdiyi COP29 bütün dünyanın diqqətindədir. Qonaq xatırladıb ki, əvvəlki dövrlərdə Qlazqo şəhəri də COP tədbirinə evsahibliyi etdiyi üçün onlar bu tədbirin təşkilinin nə dərəcədə böyük məsuliyyət olduğunu yaxşı anlayırlar. Baronessa Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bir daha vurğulayıb.
Spiker Sahibə Qafarova iqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən, bərpa olunan enerji mənbələrindən istifadə məsələlərinə hər zaman böyük diqqət göstərdiyini söyləyib. O, qonağa, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə də danışıb.
Vurğulanıb ki, iqlim dəyişikliyi zəmanəmizin ən aktual problemidir və təxirəsalınmadan müvafiq addımların atılmasını tələb edir. Milli Məclisin sədri bu kimi vacib məsələlərin müzakirə olunduğu tədbirin siyasiləşdirilməsinin yolverilməz olduğunu deyib. O, təəssüflə qeyd edib ki, tədbirdən əvvəl bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı siyasi hücumlar və təzyiq cəhdləri olub. Spiker bunu ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə qarşı qısqanc münasibətlə əlaqələndirib.
Söhbət zamanı, iqlim dəyişikliyi problemlərinə qarşı mübarizədə parlamentlərin vacib rolu da qeyd edilib. Bu mənada noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünün də əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm təsir göstərən faktorlardan biri kimi, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb. Qonağa Azərbaycan Milli Məclisi haqqında məlumat verilib. Sahibə Qafarova özünün Birləşmiş Krallığa rəsmi səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı keçirilən görüşlərin qanunvericilik orqanlarımız arasında münasibətlərə müsbət töhfə verdiyini bildirib.
Görüşdə gender bərabərliyi və qadın məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Sahibə Qafarova qarşı tərəfə məlumat verib ki, ölkəmizdə qadın məsələlərinə xüsusi önəm verilir. Azərbaycan 1918-ci ildə əksər Qərb ölkələrini də qabaqlayaraq, qadınlara seçmək və seçilmək hüququ verib. O, bu gün ölkəmizdə qadınların yüksək vəzifələrdə təmsil olunduğunu, o cümlədən, parlamentimizdə qadın və gender məsələlərinə xüsusi diqqət göstərildiyini qeyd edib.
Söhbət zamanı, Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin, ölkəmizin təşəbbüsü ilə COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrə İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin Sammitinin təşkili haqqında da məlumat verilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi