COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşü başa çatıb

Tədbirlər
17 noyabr 2024 | 22:45   
Paylaşın:        

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşü noyabrın 17-də işini davam etdirib.

Tədbir çərçivəsində keçirilən sessiyalarda "İqlim həssaslığı probleminin həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi", “İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə və ədalətin təmin edilməsi”, “Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunması səyləri”, “İnsan hərəkətliliyi və iqlim dəyişikliyi ilə bağlı naviqasiya: İqlimlə bağlı miqrasiya və yerdəyişmənin həlli” mövzularında müzakirələr aparılıb.

Sessiyalarda çıxış edənlər iqlim dəyişikliyindən təsirlənən həssas qrupların müdafiəsini təmin etməyin, ədalətli və hərtərəfli iqlim siyasətinin təşviqinə dəstək olmağın vacibliyindən danışıblar, texnologiyanın, xüsusilə süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu, ərzaq təhlükəsizliyinin və sağlamlığın qorunması, iqlimlə bağlı miqrasiyanın nəticələri barədə fikirlərini səsləndiriblər.

Tədbirdə iqlim dəyişikliyinin qarşısının alınması üçün hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Sessiyalarda keçirilən müzakirələrdən sonra COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşünün bağlanış və yekun sənədinin qəbulu mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova, Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, PAİ prezidenti Tulia Akson, PAİ-nin Baş katibi Martin Çunqonq, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Zimbabve Milli Assambleyasının sədri Yakob Mudenda, Tonqa Qanunvericilik Məclisinin sədri Lord Fkafanua Fatafehi, Milli Məclisin deputatları, xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov Azərbaycanda yaşıl enerjiyə keçidlə bağlı görülmüş işlərdən danışıb. O, Parlament Görüşünün məhsuldar keçdiyini vurğulayıb və tədbirin əhəmiyyətini qeyd edib.

Sonra Parlament Görüşünün yekun sənədi barədə məlumat verilib, sənəd üzərində aparılmış işlər, nəzərə alınmış təkliflər diqqətə çatdırılıb.

Daha sonra  bağlanış mərasimində çıxış edən PAİ-nin Baş katibi Martin Çunqonq bildirib ki, iki gün ərzində Parlament Görüşündə çox səmərəli müzakirələr aparıldı. O, bu tədbirin təşkilinə və ilk dəfə olaraq COP29-un “Yaşıl zona”sında keçirilməsinə görə Azərbaycan tərəfinə, xüsusilə də Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.

Baş katib diqqətə çatdırıb ki, yekun sənəddə parlamentlərin iqlim dəyişikliyi ilə mübarizədə çox önəmli rolu yer alır. Bu sənəd parlamentlər üçün yol xəritəsidir və keçirilmiş görüş bizim öz öhdəliklərimizə sədaqətimizi göstərir.

Çıxışının sonunda PAİ-nin Baş katibi Martin Çunqonq ona verilmiş səlahiyyətə əsasən COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşünü bağlı elan edib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU