Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb

Komitə iclasları
20 noyabr 2024 | 19:10   
Paylaşın:        

Noyabrın 20-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.

İclası açan Milli Məclis sədrinin müavini Rafael Hüseynov bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.

Vitse-spiker çıxışında Azərbaycanın 33 illik müstəqillik tarixindən söz açıb. O, bildirib ki, bu dövr ərzində əldə edilən ən böyük nailiyyətimiz müstəqillikdir və bu gün ölkəmiz müstəqil dövlət kimi güclü inkişaf yolundadır. Rafael Hüseynov, 1991-1992-ci illəri xatırlayaraq, müstəqilliyimizin ilk illərində zəif olan büdcə və manatın gündən-günə dəyərdən düşdüyünü, lakin bu gün müzakirəyə təqdim olunan büdcənin 40 milyard manata yaxınlaşdığını bildirib. Bu artım Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir.

Rafael Hüseynov, həmçinin, Heydər Əliyevin müstəqilliyin ilk illərində ölkəmizi ağır vəziyyətdən çıxararaq, möhkəm təməllər üzərində inkişafını təmin etməyi bacardığını vurğulayıb. O, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə mühüm uğurlar qazandığını və güclü iqtisadiyyatın demokratik, hüquqi dövlətin əsası olduğunu qeyd edib. Həmçinin, Azərbaycanın əldə etdiyi Zəfərin möhkəm iqtisadi potensiala əsaslandığını, ölkə rəhbərinin həm böyük siyasətçi, həm də iqtisadiyyatçı olduğunu bildirib.

Vitse-spiker çıxışında 2025-ci ilin büdcəsinin ümumi istiqamətlərinə toxunaraq, XXI əsrin üçüncü onilliyinin prioritetlərinin artıq aydın olduğunu vurğulayıb. O, bu prioritetlərin Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf Milli Prioritetlərində əks olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu gün ölkəmizin gündəmində duran ən vacib istiqamətlərdən biri, Zəfərdən sonra Böyük Qayıdış proqramının reallaşdırılmasıdır. Bu sahəyə xüsusi diqqət yetiriləcək, çünki Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və quruculuq işləri təkcə insanların rifahı məsələsi deyil, eyni zamanda Azərbaycanın dünyadakı gücünün təsdiqi ilə bağlıdır. Ayrıca, büdcədə nəzərdə tutulmuş prioritetləri qeyd edən vitse-spiker  vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın və dövlət büdcəsi hesabına həyata keçirilən dövlət proqramlarına ayrılan vəsaitlər də xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, bütün prioritet sahələrlə yanaşı, elm, təhsil, idman, mədəniyyət sahələrində isə müvafiq artımların 8-10 faiz arasında olduğu bildirilib.

Büdcə layihəsinin Maliyyə Nazirliyi və əlaqədar qurumların böyük zəhməti bahasına hazırlandığını deyən vitse-spiker xüsusi vurğulayıb ki, bu sənədin əsas müəllifi ölkə Prezidenti cənab İlham Əliyevdir.

Sonra söz alan maliyyə naziri Samir Şərifov çıxış edərək, əvvəlcə cari il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra formalaşmış VII çağırış Milli Məclisin yeni tərkibini təbrik edib və deputatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.

Maliyyə naziri 2025-ci il dövlət və icmal büdcələrinin layihələrinin, həmçinin növbəti il üçün icmal büdcənin əsas göstəricilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib. O, deyib ki, layihə hazırlanarkən Azərbaycanın 2030-cu ilədək  sosial-iqtisadi inkişafına dair milli prioritetlərinin ehtiva etdiyi məqsədlərin reallaşdırılması vəzifəsi rəhbər tutulub, gözlənilən meyllər, həmçinin qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin göstəricilərinə ehtimal olunan təsirləri nəzərə alınıb. Bu zaman əsas prioritetlər kimi ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur rayonlarını bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası əsas vəzifələr kimi qəbul edilib. Bununla yanaşı, əməkhaqqı, pensiya, sosial təminat, ünvanlı sosial yardım və təqaüd xərclərinin, səhiyyə, təhsil, mədəniyyət və ölkəmizin ərzaq təhlükəsizliyinin, beynəlxalq fəaliyyətlə əlaqədar xərclərinin, dövlət borcuna xidmətlə bağlı xərclərinin, bir sözlə, dövlətin əsas funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan bütün xərclərin maliyyə təminatı üçün müvafiq məbləğdə vəsait dövlət büdcəsində proqnozlaşdırılmışdır.

Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41367,7 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1625,0 milyon manat və ya 4,1 faiz çoxdur. Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1928,0 milyon manat və yaxud 5,3 faiz çoxdur.

Dövlət gəlirlərinin 49 faizi və ya 18773,0 milyon manatı neft-qaz sektorunun, 51 faizi və ya 19543,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür, bu isə cari illə müqayisədə 924,0 milyon manat və yaxud 5 faizdən artıqdır.

Diqqətə çatdırılıb ki, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti hesabına 14481.0 milyon manat gəlirlər təmin olunacaqdır. Gələn il vergi orqanlarının xətti ilə 15500,0 milyon manat məbləğində daxilolmalar nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 230,0 milyon manat və ya 1,5 faiz çoxdur. O cümlədən qeyri-neft sektoru üzrə 11670,0 milyon manat, cari illə müqayisədə 980,0 milyon manat və ya 9,2 faiz çox vəsaitin daxil olması nəzərdə tutulur. Gömrük orqanlarının xətti ilə büdcəyə 6600,0 milyon manat, cari illə müqayisədə 165,0 milyon manat və ya 2,6 faiz çox  daxilolmanın təmin edilməsi nəzərdə tutulur.

2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3052,0 milyon manat məbləğində nəzərdə tutulub. Cari illə müqayisədə 303,0 milyon manat və ya 9 faiz artacaqdır. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək. Büdcə kəsrinin maliyyələşdirilməsi ənənəvi mənbələr hesabına - özəlləşmədən daxilolmalar, daxili və xarici borclanma və 2025-c ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının və məqsədli büdcə fondlarının sərbəst qalığı hesabına örtülməsi nəzərdə tutulur.

Qeyd olunub ki, ölkə Prezidenti gələn ilin əsas prioritetləri sırasına ölkənin hərbi potensialının gücləndirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması və hərbi sənaye kompleksinin inkişafı ilə bağlı xərcləri daxil etmişdir. Bu tapşırıqlardan irəli gələn vəzifələrin icrası, eləcə də son vaxtlar Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə qarşı cavab tədbirlərinin görülməsi məqsədilə ölkəmizin müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasına xüsusi diqqət yetirilməsi vacibdir. Buna əsasən, müdafiə və milli təhlükəsizliklə bağlı xərclərə 20,3 faiz həcmində və ya 8396,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu 2024-cü ilin proqnozu ilə müqayisədə 17,8 faiz və ya 1270,0 milyon manat çoxdur.

Bu il olduğu kimi, növbəti ilin prioritet xərcləri sırasında xüsusi yer verilən istiqamətlərdən biri də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 4 milyard manat vəsait nəzərdə tutulub.

Digər prioritet istiqamət – Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893  milyon manat və investisiyayönümlü layihələr üçün 1100,0 milyon manat, cəm olaraq 1993,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər icrası üçün 150 milyon manat vəsait ayrılacaq.

Diqqətə çatdırılıb ki, vətəndaşların rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi də növbəti ildə prioritet məsələlər olaraq nəzərdə saxlanılır. Belə ki, 2025-ci il üçün dövlət büdcəsinin sosial yönümlü xərcləri 2024-cü illə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz artırılaraq 16910,0 milyon manata çatdırılır. Bu dövlət büdcəsinin xərclərinin tərkibində sosial yönümlü xərclərin dövlət büdcəsində çəkisi 41 faizə qədər yüksələcəkdir.  Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Bildirilib ki, büdcə layihəsində digər prioritet sahə olan - təhsil xərclərinə 4946,0 milyon manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 396,0 milyon manat və ya 8,7 faiz çoxdur. Gələn il dövlət və icmal büdcələrində səhiyyə xərcləri üçün ümumilikdə 3525.0 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2024-cü ilə nisbətən 5,3 faiz çox deməkdir. Səhiyyə xərclərinin dövlət büdcəsində çəkisi 4,8 faiz olmaqla, 2024-cü ilə nisbətən 0,1 faizdən çox yüksələcəkdir. 

Diqqətə çatdırılıb ki, sosial müdafiə və sosial təminat xərcləri üçün sosial müdafiə və sosial təminat xərcləri üçün 4812,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 9,6 faiz və ya 420,0 milyon manat çoxdur. Bir sıra təqaüdlərin maliyyələşdirilməsi  üçün 1943,0 milyon manat, ünvanlı dövlət sosial yardımların verilməsi üçün 457,0 milyon manatın ayrılması nəzərdə tutulub. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla 635,0 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 60,0 milyon manat və yaxud 10,4 faiz çox deməkdir. Növbəti ildə muzeylərin, qoruqların, kitabxanaların, mədəniyyət mərkəzlərinin, habelə musiqi kollektivlərinin maliyyə təminatı, kino ilə bağlı xərclər, həmçinin xarici ölkələrdəki mədəniyyət mərkəzlərinin saxlanması üçün 242,0 milyon manat nəzərdə tutulub. Bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 69,0 milyon manat, cari illə müqayisədə 20,0 milyon manat, 39,5 faiz çox vəsait nəzərdə tutulub. Turizm fəaliyyətinin stimullaşdırılması üçün 65,0 milyon manatın ayrılması nəzərdə tutulub.

Bildirilib ki, 2025-ci ildə dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün 9,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Gələn il isə bir sıra dövlət və qeyri-dövlət təşkilatlarına, televiziya, radio, qəzet, teatr, tamaşa müəssisələrinə, ictimai və yaradıcılıq birliklərinə, siyasi partiyalara və idman müəssisələrinə ümumilikdə 129,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Vurğulanıb ki, 2025-ci ilin dövlət büdcəsinin layihəsində beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi və digər münasibətlər, xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin  saxlanılması və Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalından Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üzrə 754,0 milyon manat vəsait proqnozlaşdırılır.

İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozlar, habelə büdcə parametrlərinin layihələndirildiyi dövrdə ölkədə makroiqtisadi meyllər barədə söhbət açıb. Büdcə zərfinə daxil edilən sənəd və göstəricilərin “Büdcə sistemi haqqında” qanuna, büdcə zərfinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olduğunu, büdcə sənədləşməsinin beynəlxalq təcrübəyə əsaslandığını deyib.

Palata sədri büdcənin gəlirləri və xərcləri, kəsiri, fiskal risklər, neftin qiyməti, icmal büdcənin təhlili, ortamüddətli büdcə planlaşdırılması ilə bağlı qeydlərini diqqətə çatdırıb. Vüqar Gülməmmədov bildirib ki, rəyin hazırlanması prosesində müvafiq dövlət orqanları ilə müzakirələr əsasında büdcə zərfinin məlumat və göstəricilərinə düzəlişlər edilib, Hesablama Palatasının əvvəlki göstəricilərində qeyd edilmiş məsələlər tam və ya qismən nəzərə alınıb. Təhlillər qanun layihəsində əks etdirilmiş dövlət büdcəsinin gəlir və xərclərinin əsasən düzgün proqnozlaşdırıldığını deməyə verir. 2025-ci ilin baza ssenarisi üzrə proqnozları növbəti il ölkədə əlverişli makroiqtisadi mühitin, o cümlədən iqtisadi artım, məqbul inflyasiya, profisitli tədiyyə balansı və sabit məzənnənin müşahidə ediləcəyini göstərir.

Sonra iclasda Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, deputatlardan Azay Quliyev, Göydəniz Qəhrəmanov, Tənzilə Rüstəmxanlı, Azər Allahverənov, Şahin Seyidzadə, Ceyhun Məmmədov, Novruzəli Aslanov çıxış edərək, növbəti ilin dövlət büdcəsinin layihəsinin yüksək səviyyədə hazırlandığı qeyd ediblər. Çıxış edənlər təqdim olunan sənədlə bağlı bəzi fikirlərini, rəy və təkliflərini bildiriblər, suallarını səsləndiriblər.

Maliyyə naziri Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, səsləndirilən sualları cavablandırıblar.

Milli Məclis sədrinin müavini Rafael Hüseynov iclasa yekun vuraraq, növbəti ilin büdcə layihəsi ilə bağlı səmərəli müzakirələrin keçirildiyini qeyd edib.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar – Ramil Həsən, Eyvaz Qurbanov, Elşad Musayev, Cavanşir Paşazadə, Ülvi Quliyev, Anatoliy Rafailov, Səbinə Salmanova, Ülviyyə Ağayeva, Mahir Süleymanlı, Günay Ağamalı, Asif Əsgərov, Mircəlil Qasımlı, aidiyyəti qurumların struktur bölmələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU