Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında

Komitə iclasları
04 dekabr 2024 | 15:58   
Paylaşın:        

Dekabrın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Əli Hüseynli gündəliyə 8 məsələnin daxil edildiyini bildirib.

Komitə sədri birinci məsələ olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə bildirib ki, təklif olunan dəyişikliklər genişhəcmlidir və sənəd son vaxtlar qanunvericiliyə gətirilmiş məhdudlaşdırıcı normaların Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əks olunmasını ehtiva edir.

Növbəti məsələ - Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı qeyd olunub ki, layihə tikinti obyektinin və fərdi yaşayış evinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucuların yerləşdirilməsini tənzimləyir.

Növbəti - “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Kredit büroları haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə komitə sədrinin müavini Elşən Musayev təqdim edib. O bildirib ki, layihə mənzil fondunun özəlləşdirilməsi ilə bağlı sənədlərin elektron yolla asan əldə olunmasını təsbit edir.

Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri Əli Hüseynli bildirib ki, sənəddə “yüksəkixtisaslı miqrant” anlayışı qanunvericiliyə gətirilməklə onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına cəlb edilməsi məqsədi ilə hazırlanıb.

Növbəti iki qanun layihəsini - “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ilə bağlı komitə üzvü Bəhruz Məhərrəmov məlumat verib. O bildirib ki, təklif olunan dəyişikliklər Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (yeni adla - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların) fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə tənzimləmələrin effektivliyinin artırılması məqsədi ilə hazırlanıb.

İclasda gündəliyin son iki məsələsi - qanunsuz miqrantların saxlanılması qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında və məişət zorakılığı ilə bağlı müraciətlərə baxılma prosedurunun təkmilləşdirilməsi məqsədilə hazırlanan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri isə üçüncü oxunuşda baxılaraq müzakirə olunub.

Qanun layihələrinin müzakirəsində komitə sədri Əli Hüseynli, komitə sədrinin müavini Elşən Musayev, komitə üzvləri Erkin Qədirli, Bəhruz Məhərrəmov çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər.

Deputatlar müzakirə olunan qanun layihələrinin hər birini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Onlayn iclasda deputatlar Əminə Ağazadə, Kamran Bayramov, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Fəzail İbrahimli, Mübariz Qurbanlı, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU