Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb

Sədrin görüşləri
04 dekabr 2024 | 17:02   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə dost və qardaş ölkələrimiz, o cümlədən, qanunverici orqanlarımız arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına əsaslanan və bütün sahələri əhatə edən münasibətlərimiz dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəlib.

Tərəflər yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyini diqqətə çatdırıblar.

Mövlud Çavuşoğlu Azərbaycanda növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib.

Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların münasibətlərimizə mühüm töhfələri qeyd edilib. Həmçinin qanunverici orqanlarımızın və deputatların bütün beynəlxalq parlament təşkilatlarında ortaq mövqedən çıxış etdikləri məmnunluqla diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimizə qarşı bir sıra dairələr tərəfindən həyata keçirilən qarayaxma və təzyiq kampaniyalarına qarşı mübarizədə parlamentarilərimizin əməkdaşlığı olduqca vacibdir.

Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı da fikirlər səsləndirilib. Bu tarixi zirvə toplantısının ölkəmizin qlobal proseslərə növbəti töhfəsi kimi dəyərləndirilib.

Görüşdə regionda mövcud olan vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb. Həmçinin Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda beynəlxalq konfransının əhəmiyyəti barədə fikirlər səsləndirilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU