Milli Məclisdə görüş

Tədbirlər
04 dekabr 2024 | 17:57   

Dekabrın 4-də Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Qonağı səmimi salamlayan Milli Məclis sədrinin müavini, ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan dövlətlərarası münasibətlərdən söz açıb. Dünya dövlətləri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ölkə başçılarının rolu xüsusi qeyd edilib, iki qardaş ölkə arasında dostluq münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin rolu vurğulanıb.

Azərbaycanın bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayan Vitse-spiker Ziyafət Əsgərov, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin bağlanmasına ən böyük maneə olduğuna, Fransa və digər ölkələrin normallaşma prosesinə müdaxilələrinin, eləcə də Ermənistanın sürətlə silahlanmasının regional təhlükəsizliyə ciddi təhdidlər yaratdığına diqqəti çəkib.

TBMM-in NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Türkiyə və  Azərbaycan arasında bütün sahələr üzrə uğurla inkişaf edən  münasibətlərin strateji xarakterinə toxunub, ölkəmizə səfərinin məqsədinin Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirak olduğunu bildirib.  Qonaq qeyd edib ki, konfrans, öz dədə-baba yurdlarından didərgin düşmüş yüz minlərlə soydaşımızın haqlarının qorunması, beynəlxalq ictimaiyyətə reallıqlar barədə məlumatların çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Söhbətdə, bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ən yüksək səviyyədə təşkil olunması və burada qəbul edilmiş qərarların böyük əhəmiyyət daşıdığı vurğulanıb. Tədbirdə, xeyli sayda dövlət və hökumət başçısının, o cümlədən Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı yüksək qiymətləndirilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU