Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisdə

Tədbirlər
04 dekabr 2024 | 18:00   

Dekabrın 4-də Azərbaycan Respublikası Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov ölkəmizdə səfərdə olan Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Qonağı salamlayan Ramid Namazov bildirib ki, Mövlud Çavuşoğlu Türkiyənin xarici işlər naziri olduğu, AŞPA-da fəaliyyət göstərdiyi vaxtlar da daxil olmaqla həmişə Azərbaycana xüsusi rəğbəti ilə seçilib və bu da qarşılıqlıdır. Parlament nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlarda həmişə uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz xoş günlərdə də, dar günlərdə də daim bir-birinə dəstək  olur, bütün taleyüklü məsələlərdə bir-birinə arxalanırlar.

Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən Mövlud Çavuşoğlu Azərbaycanda parlament seçkilərinin uğurla keçirilməsi və Ramid Namazovun NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, ötən parlament seçkiləri Azərbaycanın bütün suveren ərazisində keçirilmiş ilk parlament seçkiləri kimi mühüm əhəmiyyətə malikdir.

Söhbət zamanı NATO PA çərçivəsində əməkdaşlıq, gələcək planlar və görüləcək işlər, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılıb. Hər iki ölkənin nümayəndə heyətlərinin NATO PA-da bundan sonra da uğurla əməkdaşlıq edəcəyinə, qarşıya çıxan məsələlərin birlikdə öz həllini tapacağına inam ifadə olunub.

Görüşdə Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Kamran Bayramov, Samir Vəliyev, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU