İnsan hüquqları komitəsinin iclasında

Komitə iclasları
06 dekabr 2024 | 13:10   
Paylaşın:        

 

Dekabrın 6-da Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib.

İclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc diqqətə çatdırıb ki, gündəliyə 4 məsələ daxil edilib. Əvvəlcə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Qanun layihəsinə (birinci oxunuş) baxılıb. Qanun layihəsi barədə məlumat verən Komitə sədri bildirib ki, dəyişikliklər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkilini və fəaliyyətini təkmilləşdirməyi, həmçinin bu sahədə görülən işlərin səmərəliliyini artırmağı hədəfləyir. Bildirilib ki, layihəyə əsasən “yetkinlik yaşına çatmayan” ifadəsi “uşaq” ifadəsi ilə əvəz edilir, komissiyanın işlərinin icrası və nəzarəti üçün müvafiq katibliyin vəzifələri müəyyənləşdirilir. Dəyişikliklər, həmçinin bir sıra dəqiqləşdirmə və uyğunlaşdırmaları nəzərdə tutur.

Gündəlikdə duran növbəti məsələ - Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) müzakirə olunub. Komitə sədri bildirib ki, dəyişikliklər yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi və effektivliyinin artırılması məqsədilə hazırlanıb. Layihəyə görə, uşaqlar üzərində qəyyumluq və himayəçilik funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcək.

Gündəliyin üçüncü məsələsi olan “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verən Komitə sədri Zahid Oruc bildirib ki, dəyişikliklər məişət zorakılığının qarşısının alınması, qurbanların hüquqlarının qorunması və məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sonra iclasda birinci oxunuşda olan gündəliyin sonuncu məsələsi - “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunub. Qeyd olunub ki, qanun layihəsi mənzil fondunun özəlləşdirilməsi ilə bağlı sənədlərin elektron yolla əldə olunmasını nəzərdə tutur. Eyni zamanda bildirilib ki, təklif olunan dəyişikliklər sahəvi normativ hüquqi aktlarda təsbit edilərək, elektron xidmətlərin sayının artırılmasına və sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsinə imkan yaradacaq ki, bu da öz növbəsində vaxt itkisinin azaldılmasına, vətəndaş məmnunluğunun artmasına və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.

Qanun layihələrinin müzakirəsində komitənin sədri Zahid Oruc, üzvləri Hikmət Məmmədov, Vüqar Rəhimzadə, Mübariz Qurbanlı, Elman Nəsirov, Sevil Mikayılova, Bəhruz Məhərrəmov çıxış edərək təqdim olunan qanun layihələrinin əhəmiyyətini qeyd ediblər, təklif olunan dəyişikliklər barədə fikirlərini ifadə ediblər, suallarını səsləndiriblər.

İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov deputatların qaldırdığı məsələlərə münasibət bildiriblər, onların suallarını cavablandırıblar.

Deputatlar müzakirəyə çıxarılan qanun layihələrinin hər birini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Onlayn iclasda komitənin üzvləri Naqif Həmzəyev, Səyyad Salahlı və digər rəsmi şəxslər iştirak ediblər.          

          Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU