İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Dekabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov gündəliyə 5 məsələnin daxil edildiyini söyləyib.
Əvvəlcə, komitə sədri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə məlumat verib, sənədin zəruriliyini qeyd edib. O, layihənin ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının qarşısının alınması baxımından vacibliyindən danışıb.
Layihəyə əsasən, qanuna alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı yeni 29-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək.
Sonra Azər Əmiraslanov “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.
Layihə bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir. Sənədə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcək və bu zaman xərclər üzrə ödənişlərin icrasını ödəniş xidməti təchizatçıları təmin edəcək. Dəyişikliklərdə bələdiyyələrə ödənilən xidmət haqlarının və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.
Növbəti məsələni – “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib.
Nəzərə çatdırılıb ki, sənəddə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda müvafiq düzəlişin edilməsi təklif olunur. Layihədə, habelə vətəndaşa dair sənəd və məlumatın əldə edilməsinin ardıcıllığının müəyyən olunması və hüquqi tənzimlənməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Bu dəyişikliklərə əsasən, sənədlər Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə əldə edilə bildikdə onlar ərizəçidən tələb edilmir. Sənədlər EHİS vasitəsilə əldə edilə bilmədikdə isə ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Bu dəyişiklik vətəndaş məmnunluğunun artırılmasına, qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edir.
Bununla yanaşı, sənəddə uyğunlaşma çərçivəsində bir sıra qanunlarda “Elektron hökumət portalı” sözlərinin “Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilməsi və bəzi dəqiqləşdirmə xarakterli düzəlişlərin edilməsi də nəzərdə tutulur.
Gündəliyin digər məsələsi – “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verən Məhəmməd Bazıqov qeyd edib ki, layihə ödənişli avtomobil yollarından istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsini və ödənişli avtomagistrallardan istifadə qaydalarını pozan şəxslərin məsuliyyətinin hüquqi əsasının yaradılmasını nəzərdə tutur.
Təklif edilən dəyişikliyə əsasən, avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, habelə buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyırlar.
Həmçinin inzibati məsuliyyətə səbəb olan bu halların tətbiqi zamanı hüquqi müəyyənliyin olması üçün qanuna iki yeni anlayış - “ödəniş məntəqəsi” və “buraxılış məntəqəsi” anlayışları daxil edilir.
Sonra tədbirdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən keçirilib. Bildirilib ki, sənəddə yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən ölkəmizdə səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir.
Layihədə yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədi ilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına daxil edilməsi, Miqrasiya Məcəlləsinin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.
Həmçinin “Dövlət rüsumu haqqında” Qanuna əlavə edilməsi nəzərdə tutulan 14.8.2-1-ci və 14.8.5-1-ci maddələrin tələblərinə uyğun olaraq həmin Qanunla müəyyən edilmiş müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması nəzərdə tutulur.
Komitə üzvləri gündəlikdəki 5 məsələnin hər birini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
İclasda komitənin sədr müavini Azər Badamov, üzvləri Vüqar Bayramov, Müşfiq Cəfərov, Heydər Əsədov, Aydın Hüseynov, Tahir Mirkişili, Rövşən Muradov, Əlibala Məhərrəmzadə, Məşhur Məmmədov, Əli Məsimli, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi