Milli Məclisdə Pakistan parlamentinin deputatı ilə görüş

Tədbirlər
07 dekabr 2024 | 18:18   

Dekabrın 7-də Milli Məclisin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının üzvü Sərdar Əmmar Əhməd Xan Leqhari ilə görüşüb.

Görüşdə Azərbaycan və Pakistan dövlətləri və xalqları arasındakı münasibətlərin tarixi, Pakistanın həm Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu dövrdə, həm də 44 günlük Vətən müharibəsində ölkəmizə verdiyi siyasi dəstək, diplomatik əlaqələrimizin keçdiyi inkişaf yolu, parlamentlərarası münasibətlərimizin dərinləşdirilməsi perspektivləri barədə müzakirələr aparılıb. Söhbət zamanı Pakistan parlamentinin nümayəndə heyətinin Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında iştirakı yüksək qiymətləndirilib. Pakistanlı qonaq bütün çətinliklərə və maneələrə baxmayaraq, Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri yüksək səviyyədə keçirməsinə və əldə olunan uğurlu nəticələrə görə təbriklərini çatdırıb. O, qeyd edib ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı tikinti-quruculuq işləri yüksək qiymətləndirilir. Tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti, parlamentlərarası dostluq qruplarının fəaliyyəti və digər mövzularda da fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Milli Məclisin deputatı Elşən Musayev Azərbaycan-Pakistan əlaqələrinə dair fikirlərini bölüşüb.

Görüşdə Pakistanın ölkəmizdəki səfiri Qasim Mohiuddin və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU