Azərbaycan-Özbəkistan əlaqələri inkişaf edir

Tədbirlər
09 dekabr 2024 | 17:17   

Dekabrın 9-da Milli Məclisin deputatları Cavanşir Paşazadə və Elman Nəsirov “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının Gənclər, mədəniyyət və idman komitəsinin sədri Orzigül Kozixonova ilə görüşüblər.

Görüşdə qonağın Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında iştirakı və çıxışı yüksək qiymətləndirilib, qarşılıqlı əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkə başçılarının dostluq münasibətləri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına mühüm təsir göstərir.

Söhbət zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə nəticələnən Vətən müharibəsində Özbəkistanın ölkəmizin haqq işini müdafiə etməsi,  Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Özbəkistanın orada aparılan tikinti-quruculuq işlərində iştirakı xüsusi qeyd olunub. Qonaq dünən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri barədə təəssüratlarını bölüşüb, qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə orada aparılan işlərə təəccübünü ifadə edib.

 Görüşdə parlamentlərarası dostluq qruplarının fəaliyyəti, beynəlxalq parlament  təşkilatlarında əməkdaşlıq  və digər mövzularda fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Milli Məclisin deputatı Elman Nəsirov və  Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Azərbaycan-Özbəkistan münasibətlərinə dair fikirlərini diqqətə çatdırıblar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU