Milli Məclisin komitələrinin birgə iclasında

Komitə iclasları
09 dekabr 2024 | 18:28   
Paylaşın:        

Dekabrın 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.

İclası giriş sözü ilə açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəlikdə duran iki məsələnin mahiyyəti və əhəmiyyəti barədə məlumat verərək, müzakirələrin diplomatik xidmət sahəsində müasir tələblərə cavab verən hüquqi çərçivənin yaradılması baxımından vacib olduğunu qeyd ediblər.

Gündəliyin birinci məsələsi - “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanunun layihəsi ilə bağlı danışan komitə sədrləri  diqqətə çatdırıblar ki, layihə diplomatik xidmət sahəsinin müasir tələblərə uyğun təşkilini və hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Yeni qanun diplomatik xidmətdə tənzimlənməyən aktual məsələlərin həllinə, hüquqi əsasların yenilənməsinə, əməkdaşların hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsinə, rotasiya və beynəlxalq təşkilatlarda fəaliyyət kimi bir sıra mühüm məsələlərin həllinə yönəlib.

Sonra, “Diplomatik Xidmət haqqında” yeni qanun layihəsini təqdim etmək üçün Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynova söz verilib. İdarə rəisi qanun layihəsinin 5 fəsil və 31 maddədən ibarət olduğunu qeyd edərək, layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlərin araşdırıldığını bildirib. O, həmçinin qanun layihəsinin hazırlanmasında diplomatik xidmət sahəsində beynəlxalq təcrübənin, dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının müvafiq normalarının, sənədlərin və məlumatların təhlil edildiyini deyib. Hüseyn Hüseynov, yeni qanun layihəsi qəbul edildikdən sonra 2001-ci il 8 iyun tarixli “Diplomatik Xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv ediləcəyini və yeni qanunun tətbiqi ilə əlaqədar bir sıra digər qanunvericilik aktlarında da dəyişikliklər ediləcəyini diqqətə çatdırıb.

Gündəliyin ikinci məsələsi – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədrləri vurğulayıblar ki, qanunlara təklif olunan dəyişikliklər “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin qəbulundan irəli gəlirlər və bir sıra uyğunlaşdırmaları nəzərdə tuturlar. Qeyd olunub ki, bu dəyişikliklər, diplomatik xidmətin hüquqi tənzimlənməsini gücləndirərək, mövcud məsələlərin həllinə və xidmətin effektivliyinin artırılmasına töhfə verəcək.

Qanun layihələrinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Mübariz Qurbanlı, Sevinc Fətəliyeva, Fariz İsmayılzadə, Zaur Şükurov, Qaya Məmmədov, Pərvanə Vəliyeva, Nigar Məmmədova, Elman Nəsirov, Asim Mollazadə, Elçin Mirzəbəyli, Erkin Qədirli, Ramil Həsən, Gülşən Paşayeva, Rasim Musabəyov çıxış edərək, qanun layihələri barədə fikirlərini ifadə ediblər, suallarını səsləndiriblər.

Tədbirdə iştirak edən Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov deputatların qaldırdığı məsələlərə münasibət bildirib, onların suallarını cavablandırıb.

İclasda “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin əhəmiyyəti qeyd olunub, layihənin qəbulundan sonra bir sıra qanunlarda ediləcək dəyişikliklərin diplomatik xidmət əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, hüquqlarının müdafiəsi və sosial təminat məsələlərinin həlli sahəsində zəruri olduğu vurğulanıb.

Deputatlar müzakirəyə çıxarılan qanun layihələrini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Birgə iclasda deputatlar Kamran Bayramov, Kamal Cəfərov, Fəzail İbrahimli, Sabir Hacıyev, Nurlan Həsənov, Bəhruz Məhərrəmov, Nizami Səfərov, Əminə Ağazadə, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Azər Kərimli, Sevil Mikayılova, Nəsib Məhəməliyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU