MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 31-də Milli Məclisin 2013-cü il yaz sessiyasının sonuncu iclası keçirildi.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bugünkü iclasın gündəliyinə 23 məsələ daxil edilib. İclasda əvvəlcə Fərhad Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələyə baxıldı. Səsvermə keçirildi və Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin hakimi təyin edildi. O, deputatlar qarşısında çıxış edərək ona göstərilən böyük etimada görə ölkə başçısına və millət vəkillərinə minnətdarlığını ifadə etdi. Fərhad Abdullayev dedi ki, yaxın vaxtlarda Konstitusiya Məhkəməsinin yaradılmasının 15 ili tamam olacaq. Ötən müddət ərzində Konstitusiya Məhkəməsi ölkəmizdə hüquq mədəniyyətinin inkişafına, qanunvericilik bazasının möhkəmləndirilməsinə, vətəndaşların əsas hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkilinə xidmət edib. Ölkə iqtisadiyyatının inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması da diqqət mərkəzində olub. Fərhad Abdullayev millət vəkillərini əmin etdi ki, Konstitusiya Məhkəməsi bundan sonra da dövlətçiliyin, vətəndaşların əsas hüquq və azadlıqlarının qorunması istiqamətində səylərini gücləndirəcək. Fərhad Abdullayev Milli Məclis qarşısında təntənəli surətdə and içdi.
Sonra Milli Məclis “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsinə başladı.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ötən ilin əsas maliyyə sənədinin icrası ilə bağlı bəzi məsələləri diqqətə çatdırdı.
İclasda iştirak edən maliyyə naziri Samir Şərifov sənəd barədə bəzi məqamları ətraflı şərh etdi. Bildirildi ki, Azərbaycanın 2012-ci il dövlət büdcəsinin gəlirlər hissəsinin icrası 17 281 521,6 min manat, xərcləri 17 416 453 min manat, büdcə kəsiri 134,9 milyon manat, büdcə xəzinəsindəki qalıq 464 989,9 min manat həcmində təsdiq edilib. 2012-ci ildə ÜDM-in həcmi əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 54 milyard manat olub. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 5 884,5 manat təşkil edib. Onun sözlərinə görə, ötən il büdcə gəlirləri 17 281,5 milyon manat, xərcləri isə 17 416,5 milyon manat təşkil edib. Hesabat ilində Azərbaycanın valyuta ehtiyatları 14 faiz artaraq 46 milyard dollara çatıb, əhalinin gəlirləri isə 13,8 faiz artıb.
Nazir çıxışında onu da vurğuladı ki, , 2012-ci ildə makroiqtisadi dayanıqlıq qorunub saxlanılıb, əhalinin gəlirləri artıb, qeyri-neft sektoruna, regionların inkişafına vəsait qoyuluşu davam edib, nəzərdə tutulan bütün proqramlar maliyyələşdirilib. 2012-ci ildə müdafiə xərclərinə 2,899 milyard manat, elm, səhiyyə, mədəniyyət obyektlərinin tikintisinə 1,451 milyard manat vəsait sərf olunub. Naxçıvanda investisiya xərclərinin maliyyələşdirilməsinə 130 milyon manat ayrılıb. Dövlət Neft Fondundan daxil olan vəsaitlərdən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 300 milyon manat xərclənib. Aqrar sektora diqqətin davam etdirildiyini vurğulayan nazir bildirdi ki, bu məqsədlə dövlət büdcəsindən 112 milyon manat xərclənib.
Sonra Hesablama Palatasının sədri Heydər Əsədov sənəd barədə fikirlərini bildirdi.
Müzakirələrdən sonra 2012-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi səsə qoyularaq yekdilliklə qəbul olundu.
İclasda Azərbaycanla Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı haqqında, mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında, təslimetmə haqqında müqavilə sənədləri səsə qoyularaq təsdiq edildi.
Gündəlikdə duran növbəti qanun layihələri - “İcra haqqında”, “Əmək pensiyaları haqqında”, “Milli arxiv fondu haqqında”, “Sosial müavinətlər haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlara və Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrinə əlavə və dəyişikliklər edilməsi barədə sənədlər haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Qeyd olundu ki, qanun layihələrinə edilən dəyişikliklər Azərbaycanın eks-prezidentləri və onların həyat yoldaşlarına bir sıra xüsusi imtiyazlar, o cümlədən xüsusi diplomatik status verilməsi ilə bağlıdır. Artıq təqdim edilən sənədlərə əsasən keçmiş prezident və onun həyat yoldaşına ayrılmış pensiya və sosial müavinətə qarşı mülki tələb yönəldilə bilməz. Yəni məhkəmələr onların pensiyalarına, onlar üçün ayrılan sosial müavinətlərə qarşı hər hansı borc tələbi, vurulan ziyanın ödənilməsi ilə bağlı tələb yönəldə bilməz. Onlara ömürlük diplomatik pasport veriləcək və xüsusi diplomatik statusa malik olacaqlar. Buna görə dövlət rüsumu tutulmayacaq. Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, “Milli arxiv fondu haqqında” qanuna keçmiş prezidentin yazışmaları ilə bağlı sənədlərin onun öz sərəncamında saxlanılması haqqında müddəa əlavə edilir. Bu layihələrin də hər biri ayrı-ayrılıqda səsə qoyularaq qəbul olundu.
Mülki Məcəlləyə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Avtomobil yolları haqqında” qanun layihələrinə dəyişiklik edilməsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hər üç sənədə edilən dəyişikliyin mahiyyətcə eyni olduğunu bildirdi. Qeyd edildi ki, bu sənədlərə edilən dəyişiklik daşınar və daşınmaz əmlakın, avtomobil yollarının ünvan reyestrinə salınması ilə bağlı maddənin əlavə edilməsini özündə əks etdirir. Millət vəkilləri hər üç sənədə ayrı-ayrılıqda münasibət bildirərək qəbul etdilər.
Gündəlikdəki digər iki məsələ - Torpaq Məcəlləsi və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişiklik edilməsi barədə sənədlərlə əlaqədar Regional Məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Hər iki sənəd səsə qoyularaq qəbul edildi.
Sonra Əli Hüseynlinin təqdimatında Azərbaycan Respublikasının Mülki, Mülki-Prosessual, Cinayət-Presessual və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi ilə bağlı sənədlər səs çoxluğu ilə qəbul edildi.
Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirildi ki, rayonun ötən əsrin 70-ci illərində birləşdirilmiş bir neçə inzibati ərazi vahidi yenidən ayrılaraq Dövlət reyestrinə daxil edilir. Qanun layihəsi yerli idarəetmə orqanlarının əhaliyə daha da yaxınlaşması, onların problemlərinin operativ və keyfiyyətli həllinə nail olmağa xidmət edəcək. Bu sənəd də səsə qoyularaq qəbul olundu.
Milli Məclisin Sədri Oqtay Əsədov 2013-cü il yaz sessiyasını bağlı elan etdi. Spiker dedi ki, Milli Məclis rəhbərliyinə 91 millət vəkilinin imzası ilə növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı müraciət daxil olub. İyun ayında parlamentin növbədənkənar sessiyası keçiriləcək.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Bununla da 2013-cü il yaz sessiyasının sonuncu iclası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti