Mədəniyyət komitəsinin iclasında

Komitə iclasları
17 dekabr 2024 | 17:01   
Paylaşın:        

Dekabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Polad Bülbüloğlu gündəliyə bir məsələnin - “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Polad Bülbüloğlu diqqətə çatdırıb ki, mövcud qanunvericiliyə əsasən, kitabxana və muzeylər müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər və bu fəaliyyətdən əldə olunan vəsait onların sərəncamında qalır.

Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklərdə isə dövlət kitabxanalarının və muzeylərin  bu fəaliyyətindən əldə edilən vəsaitdən  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə ediləcək.

Qanun layihəsinin müzakirəsində komitə üzvləri Aqil Abbasov, Əlibala Məhərrəmzadə, Cavanşir Feyziyev, Tənzilə Rüstəmxanlı, Sahib Alıyev, Şahin Seyidzadə çıxış ediblər. Deputatlar  kitabxanaların və muzeylərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, kitabxana fondunun zənginləşdirilməsi, muzeylərin turizmlə əlaqələndirilməsi, bu sahələrdə dövlət-özəl tərəfdaşlığının tətbiq edilməsi kimi kitabxana və muzey işinin inkişafının bəzi  aktual məsələləri ilə bağlı fikirlərini bölüşüblər, təklif olunan dəyişikliklər haqqında rəylərini və suallarını səsləndiriblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu və parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, suallarına aydınlıq gətiriblər. Vurğulanıb ki,  sənəd mədəniyyət müəssisləri tərəfindən büdcədənkənar fəaliyyətdən əldə edilən gəlirlərin idarə olunması ilə əlaqədar qanunvericilikdə mövcud ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Ülviyyə Ağayeva, Novruzəli Aslanov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU