Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına başsağlıqları gəlməkdə davam edir
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin ünvanına başsağlıqları gəlməkdə davam edir.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək, baş vermiş dəhşətli qəzadan kədərləndiklərini bildirib, xalqımıza və qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veriblər.
Həmçinin, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emomalinin, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanovun, Monteneqro Parlamentinin sədri Andriya Mandiçin, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakievin, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin, MDB PA Şurası Katibliyinin, Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator Sitarə Ayazın, Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvanın, Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanovanın, Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqin, İordaniya Haşimilər Krallığı Senatının sədri Feysəl Akif Əl-Fayezin, Ərəb Parlamentinin sədri Məhəmməd Əhməd Əl-Yammahinin, Moldova Parlamentinin sədri İqor Qrosunun, Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin, Sloveniya Milli Assambleyasının sədri Urşka Klakoçarın Milli Məclisin sədrinə ünvanladıqları məktublarda təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verilib, bu çətin günlərdə xalqımızla həmrəylik ifadə edilib.
Bundan başqa, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderov, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes də qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını arzu ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi