Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

Tədbirlər
14 yanvar 2025 | 21:30   

Yanvarın 14-də Azərbaycan Parlamenti Aparatının nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.

Nümayəndə heyətinin üzvləri əvvəlcə Ankarada “Anıtkabir”i ziyarət ediblər, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anaraq, abidə önünə gül dəstəsi qoyublar.

Sonra Milli Məclis Aparatının nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunla görüşüb.

Görüşdə iki qardaş ölkənin münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” prinsipi əsasında inkişafından söhbət açılıb.

Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisdə aparılmış islahatlar və Aparatın fəaliyyət istiqamətləri barədə danışıb.

Söhbətdə iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyəti qeyd edilib, həmin sənəddə parlament aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin də yer aldığı diqqətə çatdırılıb, Azərbaycan və Türkiyə parlamentlərinin aparatları arasında əlaqələrin inkişafının qanunverici orqanların daha səmərəli əməkdaşlığının qurulmasına öz töhfəsini verəcəyinə inam ifadə olunub, aparatlar arasında əməkdaşlığın perspektivləri barədə danışılıb.

Sonra nümayəndə heyəti TBMM Katibliyinin beş şöbəsi ilə görüş keçirib. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti qeyd edilib, məruzələr dinlənilib. Şöbə müdirləri öz şöbələrinin fəaliyyəti haqqında geniş təqdimatla çıxış ediblər.

Azərbaycan Parlamenti Aparatının nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib. 

Sonra TBMM-ə gələn nümayəndə heyətinin üzvləri burada media mərkəzi, kitabxana, televiziya mərkəzi, mətbəə ilə tanış olublar, onların fəaliyyəti ilə maraqlanıblar.

TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun  rəhbəri Şamil Ayrımla keçirilən görüşdə parlamentlərimizin iki qardaş və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyi, həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığın mövcud olduğu qeyd edilib. Tərəflər qarşılıqlı səfərlərin qanunverici orqanlarımızın daha sıx əməkdaşlığına töhfə verdiyini vurğulayıblar. 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU