İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

İyunun 4-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. İclasın gündəliyinə “Gömrük tarifi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihələri daxil edilmişdir.
Komitə sədri Ziyad Səmədzadə iclası açaraq ikinci oxunuşda müzakirəyə çıxarılmış “Gömrük tarifi haqqında” sənədin ölkənin iqtisadi maraqları baxımından əhəmiyyətini vurğuladı.
Sənəd barədə məlumat verən Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov qeyd etdi ki, qanun layihəsi mükəmməl işlənib. Burada gömrük tarifinin tənzimlənməsi ilə bağlı qaydalar beynəlxalq təcrübəyə istinadən müəyyən edilib. O, ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyası istiqamətində bu qanunun qəbulunun vacibliyini söylədi. Eyni zamanda bildirildi ki, özəl sektorun inkişafında böyük əhəmiyyət kəsb edən gömrük rüsumundan azadolmalar dünyada qəbul olunmuş prinsiplərə uyğun olaraq tətbiq olunmalıdır. Sənəd ölkədə sahibkarlığın inkişafına, istehsal olunan məhsulların rəqabət qabiliyyətinin təmin olunmasına kömək göstərəcək.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli, Rüfət Quliyev, İlham Əliyev, Ayaz Orucov ölkə iqtisadiyyatının dinamik inkişafından söhbət açdılar. Deputatlar qanunun günün tələblərinə cavab verdiyini vurğuladılar. Onun özəl sektorun, xüsusilə orta və kiçik sahibkarlığın inkişafında böyük rol oynadığını bildirdilər.
Sonra iclasda üçüncü oxunuş üçün təqdim olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsinə baxıldı. Komitə üzvləri sənəd barədə öz fikirlərini açıqladılar. Qeyd edildi ki, Azərbaycan iqtisadiyyatının beynəlxalq standartlara uyğunlaşdırılması üçün bu qanunun qəbulu çox vacibdir.
Ətraflı fikir mübadiləsindən sonra hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti