Toponimiya komissiyasının iclasında

Tədbirlər
27 yanvar 2025 | 14:12   

Yanvarın 27-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

İlk iclasa sədrlik edən parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnaməyə görə Toponimiya komissiyasının ilk iclasında təşkilati məsələlərə baxılır. Müvafiq olaraq bugünkü iclasın gündəliyinə də komissiyanın sədri, sədr müavini və katibin seçilməsi məsələsi daxil edilib.

İclasda komissiyanın sədri vəzifəsinə AMEA-nın prezidenti İsa Həbibbəylinin, komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin  sədri Musa Quliyevin, komissiyanın katibi vəzifəsinə isə Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İskəndərovun namizədlikləri irəli sürülüb.

İclasda komissiya üzvləri – deputatlar Musa Quliyev, Anar İsgəndərov, Hikmət Məmmədov, Elnarə Akimova və Əziz Ələkbərov, AMEA-nın prezidenti İsa Həbibbəyli, akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov çıxış ediblər. Çıxışlarda hər üç şəxsin namizədliyi dəstəklənib, Azərbaycan toponimiyasının bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilib.

Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

İclasda Toponimiya komissiyasının üzvü akademik Möhsün Nağısoylu və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU