Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib

Plenar iclaslar
03 fevral 2025 | 18:18   

 

Fevralın 3-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib. Milli Məclisin sədri yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra spiker bildirib ki, yeddinci çağırış Milli Məclis ötən sessiyanı uğurla başa vurub. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. Spiker xatırladıb ki, birinci sessiyanın yekunları barədə deputatları ətraflı məlumatla tanış edib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib.

Deputatlarımız Asiya Parlament Assambleyasının komitə iclasında, ATƏT-in Parlament Assambleyasının büro iclasında, Şimali Kipr Türk Respublikasında keçirilən simpoziumda iştirak ediblər, Belarus Respublikasında Prezident seçkilərini müşahidə ediblər.  

Spiker qeyd edib ki, yanvar ayının 21-də və 22-də Milli Məclis sədrinin başçılığı ilə  nümayəndə heyəti İtaliya Respublikasında rəsmi səfərdə olub.

Səfər çərçivəsində İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana, İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının, İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşlər olub.

Görüşlərdə ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən məmnunluq ifadə edilib. İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğu, ölkələrimiz arasında münasibətlərin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyi bildirilib.

Eyni zamanda, təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin böyük önəm daşıdığı bildirilib. Bu baxımdan Azərbaycanın, xüsusən Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi mədəniyyət layihələrinin əhəmiyyəti vurğulanıb.

Spiker bildirib ki, görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barəsində də fikir mübadiləsi aparılıb.

Parlament nümayəndə heyəti Romada Azərbaycan Səfirliyini və Səfirliyin tabeliyində fəaliyyət göstərən  Azərbaycan Mədəniyyət Mərkəzini də ziyarət edib.

Orada nümayəndə heyəti Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, möhtərəm Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycan barəsində çap olunmuş kitablar ilə bağlı fotosərgilər, Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr edilmiş Azərbaycan mədəniyyətinə və incəsənətinə dair kitablar ilə tanış olub.  Eyni zamanda, nümayəndə heyəti apardığı kitabları həmin mərkəzə hədiyyə kimi təqdim edib.

Spiker İtaliyaya rəsmi səfərin uğurlu keçdiyini qeyd edib və bununla əlaqədar  nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirib.

Sonra spiker diqqətə çatdırıb ki, sessiyalar arasındakı dövrdə Milli Məclisdə bir beynəlxalq tədbir – Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası parlamentlərinin səhiyyə məsələləri komitələrinin sədrləri, üzvləri və TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər.

Sahibə Qafarova bildirib ki, Milli Məclisdə bu ərəfədə iki ictimai dinləmə keçirilib. Belə ki, yanvarın   30-da Səhiyyə komitəsinin keçirdiyi dinləmə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr edilmişdi.

Tədbirdə  Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, ali təhsil müəssisələrinin, tibb müəssisələrinin rəhbərliyi və digər şəxslər iştirak edirdilər.

Elə həmin gün Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçirilən dinləmədə Azərbaycan Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib. Tədbirdə Milli Məclisin deputatları, Gənclər Fondunun şöbə müdirləri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Sonra spiker diqqətə çatdırıb ki, yaz sessiyasının qanunvericilik işləri planı hazırlanıb və bu gün müzakirə ediləcək.

Bu sessiyada deputatlar qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəklər.

Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2024-cü  ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun və gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik hesabat, məlumat və məruzələri də dinləniləcək.

Spiker Sahibə Qafarova çıxışının sonunda Milli Məclisin yaz sessiyasının da yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib və sessiyada deputatlara uğurlar arzulayıb.

Sonra iclasın gündəliyi qəbul edilib və cari məsələlərin müzakirəsinə başlanılıb.

Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, deputatlar Aydın Mirzəzadə, Şahin İsmayılov, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Mahir Süleymanlı, Hikmət Məmmədov, Mircəlil Qasımlı, Vüqar İskəndərov, Mehriban Vəliyeva, Azər Kərimli gündəmdə olan məsələlər barədə öz fikirlərini bölüşüblər.

Çıxışlarda 2025-ci ilin Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanın daha da intensivləşməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi, vətəndaşların rifahının təminatına yönəlmiş növbəti sosial paketin icrası ilə yadda qalacağı vurğulanıb. Bununla yanaşı, regionda Azərbaycanın maraqlarına cavab verən yeni reallıqların yarandığı, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin siyasi, iqtisadi imkanlarının genişləndiyi, irimiqyaslı enerji layihələrində iştirakı, beynəlxalq nüfuzunun artdığı diqqətə çatdırılıb.

Deputatlar ölkə Prezidenti İlham Əliyevin cari ilin yanvar ayında verdiyi müsahibə, 55-ci Davos İqtisadi Forumunda, nəqliyyat-logistika sahəsinin inkişafı ilə bağlı müşavirədə verdiyi mesajlarda dövlətin strateji kursunun müəyyən edildiyini bildiriblər. Azərbaycanın regionda və dünyada artan mövqeyinin bəzi qüvvələri narahat etdiyi, bir sıra beynəlxalq qurumların ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirdiyi, onların böhtan və təhdidlərlə çıxış etdiyi söylənilib. Vurğulanıb ki, biz demokratiya, insan haqları və digər sahələrdə dialoqa hər zaman hazırıq. Qarşılıqlı hörmət, ədalətli yanaşma, bərabər hüquqlar anlayışı beynəlxalq münasibətlərdə bizim əsas prinsiplərimizdir.

Millət vəkilləri Azərbaycanda əldə edilən nailiyyətlərdə gənclərin rolundan bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyi, gənclərin ölkənin ictimai-siyasi həyatında, təhsildə, idmanda, beynəlxalq platformalarda layiqincə təmsil olunduğu söylənilib. Habelə Vətənə xidmət, dövlətin güclənməsi istiqamətində gənclərin rolu, o cümlədən gənc əsgərlərin Vətən müharibəsində ərazilərimizin işğaldan azad edilməsi uğrunda şücaət göstərərək üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirdikləri qeyd olunub. Prezident İlham Əliyevin, Birincı vitse-prezident Mehriban Əliyevanın gənclərə olan xüsusi qayğısından söhbət açılıb. Ölkəmizdə gənclərin fiziki və mənəvi inkişafına, onların müasir, intellektual, vətənpərvər ruhda formalaşmasına daim diqqət yetirildiyi, bu istiqamətdə müvafiq dövlət proqramlarının həyata keçirildiyi bildirilib.

Bununla yanaşı, sessiyalararası müddətdə Milli Məclisin aktiv fəaliyyət göstərdiyi, o cümlədən deputatların ölkə daxilində keçirilən tədbirlərdə, beynəlxalq səviyyəli elmi konfranslarda, intellektual platformalarda fəal iştirak etmələri, seçicilərlə görüşləri diqqətə çatdırılıb, bir sıra digər aktual məsələlərə toxunulub.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bu gün 16 məsələnin müzakirə ediləcəyini, gündəliyin ilk 4 məsələsinin Milli Məclisin qərar layihələri olduğunu söyləyib.

Spiker bildirib ki, hər sessiyanın əvvəlində parlamentin qanunvericilik işləri planı qəbul olunur və parlament öz fəaliyyətini həmin plan əsasında qurur. O, qeyd edib ki, gündəliyin birinci məsələsi məhz yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır və qanunvericilik işləri  planı 6 bənddən ibarətdir.

Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Musa Quliyev, Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Azay Quliyev, Razi Nurullayev, Jalə Əliyeva, Bəhruz Məhərrəmov, Məlahət İbrahimqızı, Tahir Mirkişili, Aqil Abbasov çıxış edərək, məsələ barədə öz fikir və təkliflərini səsləndirdikdən sonra Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsi qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti məsələni təqdim edərək bildirib ki, Daxili Nizamnamənin 40-cı maddəsinə uyğun olaraq, yaz sessiyasının birinci iclasında Milli Məclisin Hesablayıcı komissiyası yaradılmalıdır. O, qeyd edib ki, komissiya bir il müddətinə və 7 üzvdən ibarət tərkibdə seçilir.

Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması haqqında qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Sonra Sahibə Qafarova gündəliyin digər məsələsi ilə əlaqədar nəzərə çatdırıb ki, Daxili Nizamnamənin 41-ci maddəsinə əsasən, Milli Məclisin İntizam komissiyası da yaradılmalıdır. Komissiya bir il müddətinə və 11 üzvdən ibarət tərkibdə seçilir.

Milli Məclisin İntizam komissiyasının  yaradılması haqqında qərar layihəsi də qəbul edilib.

Daha sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə məsələ ilə əlaqədar çıxış edib. O, qeyd edib ki, Azərbaycanın beynəlxalq əlaqələri getdikcə inkişaf edir və bu gün parlamentdə 103 dostluq qrupu fəaliyyət göstərir. Bugünkü iclasda isə növbəti – Oman Sultanlığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması, onun rəhbərinin seçilməsi ilə bağlı məsələyə baxılacaq.

Səməd Seyidov Oman Sultanlığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının vacibliyindən danışıb, bunun ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb. O, işçi qrupunun rəhbəri qismində deputat Səbinə Salmanovanın namizədliyinin təklif edildiyini deyib.

Milli Məclisin bu qərar layihəsi də səsə qoyularaq qəbul olunub.

Spiker Sahibə Qafarova gündəliyin növbəti 2 məsələsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və “Normativ hüquqi aktlar haqında” Konstitusiya Qanununun tələbinə əsasən bu layihələrin bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov  “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında  Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

O, Sazişin üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlandığını bildirib. Qeyd edilib ki, keçən ilin noyabr ayında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindən imzalanan bu sənəd yaşıl və bərpa olunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır.

Qeyd olunub ki, Saziş qeyri-müəyyən müddətə bağlanılıb və bu, tərəflər arasında uzunmüddətli əməkdaşlığın və davamlı inkişaf məqsədlərinin daha effektiv həyata keçirilməsinə şərait yaradacaq. Azərbaycan üçün bu saziş enerji tranziti imkanlarını genişləndirmək və yaşıl texnologiyaların tətbiqinə dair mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin məsələ ilə əlaqədar rəyini səsləndirən komitə üzvü Nigar Məmmədova Sazişin regionda yaşıl enerji dəhlizinin yaradılması, inteqrasiya olunmuş elektrik enerjisi bazarlarının inkişafı və bərpa olunan enerjinin digər regionlara ixracının asanlaşdırılması üçün önəmindən bəhs edib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Fasilədən sonra iclas işini davam etdirib.

Komitə sədri Sadiq Qurbanov “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib.

Bildirilib ki, Mərkəzin əsas məqsədləri müasir, sərfəli və dayanıqlı enerji xidmətlərinə çıxışın artırılması, bərpa olunan enerji həllərinin təşviqi və üzv dövlətlər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsidir. Qeyd olunub ki, 2021-ci ilin iyun ayında İqtisadi Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclasında Mərkəzə ev sahibliyi edəcək ölkənin seçilməsi prosesi zamanı aparılan qiymətləndirmə nəticəsində Azərbaycan ev sahibliyi statusunu əldə edib. Təmiz Enerji Mərkəzinin yaradılmasının yalnız İqtisadi Əməkdaşlıq Təşkilatı regionu üçün deyil, həm də qlobal enerji siyasəti üçün mühüm təşəbbüs olduğu, bunun davamlı və dayanıqlı enerji keçidinə, habelə iqlim dəyişikliyi ilə mübarizədə və regionun inkişafına mühüm töhfə olacağı söylənilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai sənəd barədə təmsil etdiyi komitənin rəyini səsləndirib. O, regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinin vacibliyindən danışıb, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında rolunun möhkəmləndirilməsinin milli maraqlara uyğun olduğunu qeyd edib.

Deputatlar Elman Nəsirov və Aydın Hüseynov məsələ ilə bağlı öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri növbəti 3 qanun layihəsinin bir oxunuşda baxılıb, qəbul ediləcəyini söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev  “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Layihədə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin və  “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsviri”nin təsdiq edilməsi məsələləri öz əksini tapıb.

Yubiley medalı haqqında Əsasnamədə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikası  vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təltif edildiyi təsbit olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətindən söhbət açıb. O, Prezidentin müvafiq fərman və sərəncamları ilə 2018-ci ildən başlayaraq ölkədə sosial islahatların həyata keçirildiyini, bugünədək dörd dərin sosial islahatlar zərfinin qəbul edildiyini və bunun nəticəsində 4 milyondan çox soydaşımızın pensiyalarının, əməkhaqlarının, müavinətlərinin, təqaüdlərinin, ünvanlı sosial yardımlarının və digər sosial təminatlarının yüksəldiyini nəzərə çatdırıb.

Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Əmək pensiyaları haqqında" Qanunda nəzərdə tutulan dəyişiklik də bu proseslər çərçivəsində hazırlanıb. Layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib.

Qeyd olunub ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla digər yoxlamalar dayandırılmışdır. Təklif olunan dəyişiklikdə həmin müddətin 2026-cı il yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Deputatlar Rəşad Mahmudov və Göydəniz Qəhrəmanov bəzi fikir və qeydlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti 2 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilir. Təklif olunan qanun layihəsinə əsasən bu səlahiyyətin Azərbaycan Respublikasının Baş Prokurorluğuna da verilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) deputatların nəzərinə çatdırıb. O, sənəd barədə komitənin rəyinin müsbət olduğunu deyib və səsə qoyulmasını xahiş edib.

Qeyd olunmalıdır ki, mövcud qanunvericiliyə əsasən, kitabxana və muzeylər müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər və bu fəaliyyətdən əldə olunan vəsait onların sərəncamında qalır. Təklif olunan dəyişikliklərə əsasən, bu fəaliyyətdən əldə edilən vəsaitdən müvafiq orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun istifadə ediləcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin qalan 5 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. 

Bildirilib ki, Qanunun 4-cü və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasının nəticələri barədə hesabatın hazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq, qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq  tənzimlənməsi təklif olunur. Habelə aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə qanuna yeni anlayışın əlavə edilməsi təklif edilir. Qeyd olunub ki, digər bir dəyişiklik “aerodrom istismarçısı” ilə bağlıdır. Hazırda aerodrom istismarçısı  anlayışı aerodromu istismar edən fiziki və ya hüquqi şəxslə məhdudlaşır, təklif olunan dəyişikliyə əsasən buraya dövlət orqanı da əlavə edilir.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

O, sənədin  “Dövlət satınalmaları haqqında” yeni Qanunun icrası məqsədilə hazırlandığını, layihədə həm cinayət, həm də inzibati məsuliyyətə səbəb olan dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması hallarının yeni qanunun tələblərinə uyğun olaraq müəyyən edildiyini söyləyib.

Dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 308.2.1-ci – 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda zərər vurulduqda yaranır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması da təklif edilir.

Komitə sədri Siyavuş Novruzov, deputat Rəşad Mahmudov məsələ barədə öz fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Gündəliyin on dördüncü məsələsi olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova məlumat verib. O, vurğulayıb ki, sənədin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir.

Bildirilib ki, layihədə nəzərdə tutulan dəyişikliklər nəticəsində  əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək, satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, ·əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək, əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək, həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək. Nigar Məmmədova vurğulayıb ki, bu layihə ilə əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun dəyişikliklərlə bağlı komitəsinin müsbət rəyi dinlənildikdən sonra qanun layihəsi səsvermədən keçərək birinci oxunuşda qəbul olunub.

Növbəti məsələ olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.  Komitə sədri bildirib ki, layihə icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirləri görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə təklif olunub. Bu baxımdan “Tibbi sığorta haqqında” Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim yardımı üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciəti sadələşdirilir.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Gündəliyin sonuncu məsələsi  Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsinə dair məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təqdim edib. Nəzərə çatdırılıb ki, layihə sosial kirayə müqaviləsi əsasında dövlət və ya bələdiyyə mənzil fondundan  yaşayış sahəsi əldə edilməsinin, və ya yaşayış sahəsinə ehtiyacı olan həssas kateqoriyaya aid şəxslərin uçota götürülməsinin hüquqi əsaslarının təkmilləşdirilməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliklərdən danışan Nurlan Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə həssas kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. 2025-ci ilə qədər 15600 mənzil və fərdi ev şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan və həssas təbəqədən olan digər şəxslərə verilmişdir.

Sənədlə bağlı deputat Azay Quliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU