Milli Məclisin deputatları Nyu-Yorka səfər edəcəklər

Tədbirlər
07 fevral 2025 | 15:44   

Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının, həmçinin  Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də keçiriləcək parlament dinləmələrində iştirak etmək üçün fevralın 10-da ABŞ-nin Nyu-York şəhərinə səfər edəcəklər.

Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında əvvəlki iclasın hesabatı təsdiqlənəcək, konfransın gündəliyi, proqramı və nəzərdə tutulmuş bəyannamə layihəsi müzakirə ediləcəkdir.

Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin toplantısında isə ötən il keçirilmiş ikinci iclasın hesabatı qəbul ediləcək, Sammitin təşkilati məsələlərinə baxılacaq və onun ilkin proqramı, o cümlədən diqqət mərkəzində olacaq mövzular razılaşdırılacaqdır.

Səfər çərçivəsində Milli Məclisin deputatları  Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahında keçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçınınin qatılacağı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılacaqdır.

Deputatların Nyu-Yorka səfəri fevralın 16-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU