Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək

Tədbirlər
12 fevral 2025 | 14:48   

Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək. “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada  30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə APA-nın bugünü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaqdır.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcəkdir.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU