MİLLİ MƏCLİSDƏ UŞAQLARA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏK

Tədbirlər
08 iyun 2013 | 12:06   
Paylaşın:        

İyunun 11-də Milli Məclisin AŞPA Sosial məsələlər, səhiyyə  və davamlı inkişaf  komitəsinin birgə təşkilatçılığı ilə  “Uşaqların  rifahı – cəmiyyətin rifahının göstəricisidir” mövzusunda konfrans keçiriləcək.  Tədbir  Avropa Şurasının “Uşaqlara  qarşı cinsi  zorakılıqla  mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində  həyata  keçirilir.
Tədbirdə Milli Məclis Sədrinin müavini Bahar Muradova,  parlamentin komitə sədri, AŞPA sədrinin müavini  Səməd  Seyidov, millət  vəkili,  qurumun Sosial məsələlər, səhiyyə  və davamlı inkişaf  komitəsinin üzvü Sevinc Fətəliyeva açılış nitqi  söyləyəcəklər.
Konfrans  çərçivəsində AŞPA-nın xüsusi  Alt  komitəsinin iclası, uşaqların  cinsi  zorakılıqdan  qorunmaları üçün effektiv tədbirlər,  kiber  mühitdə uşaqların  təhlükəsizliyi,  uşaqlara  qarşı  zorakılıqla  mübarizədə  müxtəlif  ölkələrin təcrübəsi mövzularında  sessiyalar keçiriləcək.
 “Uşaqların cinsi  istismar və seksual xarakterli  hərəkətlərdən qorunması  haqqında  Avropa Şurası Konvensiyası”  parlament  üzvləri  üçün vəsait şəklində  dərc  edilmişdir. Tədbirin  yekununda  kitabın təqdimatı  olacaq.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU