Milli Məclisdə görüş

Tədbirlər
18 fevral 2025 | 17:46   

Fevralın 18-də Milli Məclisin sədr müavini Rafael Hüseynov  Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul ilə görüşüb.

Qonağı salamlayan Rafael Hüseynov  Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olan APA-nın parlament diplomatiyasının gələcək inkişaf perspektivləri üçün önəmli olduğunu bildirib.

O, Tailand Krallığı ilə 30 ildən artıq davam edən diplomatik, o cümlədən iqtisadi, mədəni, siyasi sahələrdə də münasibətlərimizin yüksələn xətt üzrə inkişaf  etdiyini  vurğulayıb. Rafael Hüseynov iki  ölkə arasında Qoşulmama Hərəkatı, Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlarda mövcud olan əməkdaşlıqdan  da söz açıb.

Qonaq Tailand Parlamentinin Nümayəndələr Palatası adından göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ötən il Tailandın Parlament sədrinin 14-cü sessiyada iştirakı çərçivəsində  Milli Məclisin sədri ilə görüşünün parlamentlərarası  münasibətlərimizin inkişafına öz müsbət təsirini göstərdiyini qeyd edib. Paradorn Prissananantakul artıq Bonqkok şəhərində Azərbaycan Respublikasının səfirliyin açıldığını və yaxın gələcəkdə Bakıda Tailand Krallığı səfirliyinin açılmasının planlaşdırıldığını bildirib.

Söhbətdə Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Göydəniz Qəhrəmanov, qrupun üzvü Əlibala Məhərrəmzadə, tailandlı səfir Apirat Suqondhabhirom dövlətlərimiz arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

Görüşdə Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.

                                                                   Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU