Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Komitə iclasları
25 fevral 2025 | 17:00   

Fevralın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.

Qanun layihələri barədə qısa məlumat verən komitə sədri “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bu xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədi ilə hazırlanıb.

Komitə sədri Musa Quliyev “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirib ki, layihə bir sıra müddəaları yeni qanunvericilik normalarına uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

Sonra qanun layihələrində nəzərdə tutulan mahiyyət və məzmun dəyişikliklərinin ətraflı şərhini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci qanun layihəsi ilə bağlı diqqətə çatdırıb ki, sənəddə  təklif olunan dəyişikliklərdə sosial xidmətin obyekti və subyekti olan şəxslərin bir-birinin  şərəf və ləyaqətinə hörmətlə yanaşması, sosial xidmət barədə müraciətə baxılması və digər prosedur məsələlərin konkretləşdirilməsi, ehtiyacı olan bütün şəxslərin sosial xidmətlərlə əhatə dairəsinin genişləndirilməsi, sosial xidmətlərin sırasına sosial-mədəni xidmət növünün də əlavə edilməsi kimi məsələlər öz əksini tapıb. Həmçinin layihədə sosial xidmətlərin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarətin hansı qaydada aparılması müəyyən edilib. Adil Vəliyev ikinci qanun layihəsinin təqdimatında bildirib ki,  təklif olunan dəyişikliklərdə Çernobıl qəzasının ağır təsirlərinə məruz qalmış şəxslərə verilən kompensasiyaların unifikasiyası, habelə onların mənzil sahəsi ilə təminatı müddəaların təkmilləşdirilməsi nəzərdə tutulub.

Layihələrin müzakirəsində deputatlar Ziyad Səmədzadə, Vüqar Bayramov, Jalə Əliyeva, Əziz Ələkbərov, Soltan Məmmədov, Sevinc Hüseynova çıxış edib, fikirlərini və suallarını səsləndiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda komitə sədrinin müavini Elşad Musayev, komitə üzvləri Bədəl Bədəlov, Göydəniz Qəhrəmanov, Nigar Məmmədova, Səttar Möhbalıyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU