MİLLİ MƏCLİSDƏ UŞAQLARA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLDİ
İyunun 11-də Milli Məclisin AŞPA Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin birgə təşkilatçılığı ilə “Uşaqların rifahı – cəmiyyətin rifah göstəricisidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbir Avropa Şurasının “Uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində həyata keçirilirdi.
Tədbiri giriş sözü ilə açan millət vəkili, AŞPA-da “Uşaqlara qarşı zorakılığa yox deyək!” proqramının koordinatoru Sevinc Fətəliyeva bildirdi ki, bu, uşaqlara qarşı zorakılıqla mübarizə proqramı çərçivəsində keçirilən 3-cü konfransdır. O, ölkəmizdə uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində görülən işlərdən danışdı və qeyd etdi ki, uşaq zorakılığının yaranmasının əsas səbəbi ailələrin sosial vəziyyətidir. Maarifləndirmə işlərinin daha da genişləndirilməli olduğu diqqətə çatdırıldı.
Toplantıda iştirak edən Milli Məclis Sədrinin müavini Bahar Muradova uşaq hüquqlarının müdafiəsi barədə fikirlərini açıqladı. Vitse-spiker bildirdi ki, uşaqlara sərf olunan kapital gələcəyin təməli deməkdir və Azərbaycan dövləti bu məsələyə xüsusi əhəmiyyət verir. Uşaq əməyinin istismarı, uşaqlara qarşı zorakılıq halları ilə bağlı Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub, bu sahədə qanunvericilik bazasını xeyli təkmilləşdirib. Bahar Muradova onu da vurğuladı ki, Azərbaycan müharibəyə cəlb olunmuş bir ölkədir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkədə bir milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır. Təbii ki, bu problem uşaqların rifahına olduqca mənfi təsir göstərir.
Sonra tədbirdə AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero, Moldova parlamentinin deputatı, AŞPA Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin Xüsusi Alt Komitəsinin sədri Valeriu Qiletçi çıxış etdilər. Cıxışlarda uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi, “Hər beş uşaqdan biri” kampaniyasının gedişatı, AŞ üzvü olan ölkələrdə insan hüquqları sahəsində mövcud göstəricilər, uşaq hüquqlarının qorunması, uşaqlara qarşı cinsi zorakılıqda məlumatlılığın artırılması, hüquq standartlarının möhkəmləndirilməsi məsələlərinə toxunuldu.
İclasda çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının artmasında internetin, xüsusilə sosial şəbəkələrin mənfi rol oynadığını qeyd etdi: “Uşaqlar arasında internet resurslarından istifadəyə müəyyən qadağalar qoyulmalıdır”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva komitənin ailə və uşaqlara dəstək üçün yaradılmış regional mərkəzlərinin səmərəli fəaliyyətindən danışdı.
Sonra konfrans çərçivəsində AŞPA-nın Xüsusi Alt Komitəsinin iclası, uşaqların cinsi zorakılıqdan qorunmaları üçün effektiv tədbirlər, kiber mühitdə uşaqların təhlükəsizliyi, uşaqlara qarşı zorakılıqla mübarizədə müxtəlif ölkələrin təcrübəsi mövzularında sessiyalar keçirildi.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də internetin yeniyetmələrin həyatına müdaxilə etməsi ilə bağlı məqamlara toxundu. Onun sözlərinə görə, son vaxtlar ölkədə geniş zolaqlı internet istifadəçilərinin sayı artmaqdadır, Azərbaycanda uşaqların internet təhlükəsizliyi problemi get-gedə aktuallaşır. Komitə sədri uşaqların təhlükəsizliyinə ciddi maneə olan bu problemin qarşısının alınması üçün vətəndaş cəmiyyəti, özəl sektor və beynəlxalq qurumların birliyinə ehtiyac olduğunu dilə gətirdi. O, Azərbaycanın kiber cinayətkarlığa qarşı Avropa Konvensiyasına qoşulduğunu xatırlatdı. Bildirildi ki, konkret olaraq Cinayət Məcəlləsinə “kiber cinayətlər” adlı fəsil əlavə olunub.
Konfransda AŞPA-nın üzvü, Polşa Seyminin deputatı Zbiqnev Qirjinski, “İnternet Watch Foundation” təşkilatının mətbuat və ictimai məsələlər üzrə meneceri Kristof Klaesen, almaniyalı deputat Qalina Eyzberman, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək tədbirin əhəmiyyətini vurğuladılar, kiber mühitdə uşaqların təhlükəsizliyi ilə əlaqədar fikirlərini bildirdilər. Çıxışlarda qeyd olundu ki, uşaqlara qarşı zorakılıq dünyada hər kəsi düşündürməli və narahat etməlidir. Konfransda qarşıda duran vəzifələr və həyata keçirilməli olan işlərdən geniş söhbət açıldı, müxtəlif təkliflər səsləndirildi.
Toplantı Sevinc Fətəliyevanın yekun sözü ilə öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti