MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI

Tədbirlər
01 fevral 2012 | 06:02   
Paylaşın:        

Fevralın 1-də Milli Məclisin 2012-ci il yaz sessiyası işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycanın Dövlət himni səsləndirildi. Parlamentin spikeri sessiyasının başlanması  münasibəti ilə deputatları təbrik etdi və onlara qanunvericilik fəaliyyətində uğurlar arzuladı.
  Oqtay Əsədov dedi: “Hər il olduğu kimi bu yaz  sessiyasında da bizi gərgin və maraqlı  iş gözləyir. Sessiyanın qanunvericilik işləri planı bu gün sizin müzakirənizə veriləcəkdir. Bu sessiyada digər  qanun layihələri  ilə yanaşı, Konstitusiya ilə nəzərdə  tutulmuş qaydada Nazirlər  Kabinetinin  hesabatı dinləniləcək, 2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı məsələ müzakirəyə çıxarılacaq, Hesablama Palatasının illik hesabatı, bələdiyyələrin fəaliyyətinə  inzibati nəzarəti  həyata  keçirən qurumun, İnsan Hüquqları  üzrə  Müvəkkilin (Ombudsman)ı hesabatları dinləniləcək.”
Sonra parlament 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət qəbul etdi.
İclasda Milli Məclisin İntizam və Hesablayıcı  komissiyaları  yenidən təşkil edildi. İntizam komissiyasına deputatlar Gülər Əhmədova, Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov, Sədaqət Vəliyeva, Hesablayıcı komissiyaya isə deputatlar İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc, Mixail Zabelin üzv seçildilər.
Sonra iclasda cari məsələlərə də baxıldı. Çıxış edən deputatlar  qeyd  etdilər ki, qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza tədbirləri nəzərdə tutan qanunun Fransa Senatında qəbul edilməsinə Azərbaycan dövləti kifayət qədər sərt mövqe bildirsə də, təəssüf ki, bəzi mətbuat vasitələri buna kölgə salmağa çalışır. Bu məsələdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Hamı eyni xətt üzrə hərəkət etməlidir. Azərbaycan dövləti, parlamenti bununla bağlı kifayət qədər sərt addım atıb. Biz istənilən məsələdə Türkiyənin yanındayıq. İndiki hadisədə də vəziyyəti izləyirik və ardıcıl olaraq hüquqi şəkildə mövqeyimizi bildiririk.
Qeyd olundu ki,  azərbaycanlı deputatlar dəfələrlə bununla bağlı öz sözünü deyib. “Xüsusilə Fransa Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyeva  bu işdə çox səy göstərir. Təəssüf ki, bəzi qüvvələr bunu görmür və görülən işlərə kölgə salmaq istəyirlər. Təklif  olundu ki, Xocalı soyqırımının 20-ci ildönümündə Türkiyəyə müraciət ünvanlansın və bu soyqırımının rəsmi şəkildə tanınması üçün səy göstərilsin. Bu bizim Türkiyə ilə qardaşlığımızın sübutu olar, həm də bütün dünya görər ki, əsl soyqırıma kim məruz qalıb. Qardaş Türkiyə parlamenti də bunu müsbət qarşılayıb dəyərləndirər. İstanbulun mərkəzində Xocalının 20 illiyi ilə bağlı “Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq!” şüarı ilə mitinq keçirmək təklifi də səsləndirildi.
Deputatlar Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılması ilə bağlı məsələnin də Milli Məclisdə müzakirə olunmasının vacibliyini vurğuladılar.
Deputatların Fransa  Senatının məlum qərarı ilə bağlı  fikirlərinə münasibət  bildirən  Milli Məclisin Sədri Oqtay Əsədov  dedi: “Bəzi qüvvələr Fransa Senatının bu qərarından sui-istifadə edib özlərini göstərirlər. Biz bu niyyətdə deyilik, biz ən sərt formada mövqeyimizi ortaya qoymuşuq. Bu, ürəkdən gələn addımdır, etmişik və edəcəyik. Fransa Minsk qrupunda həmsədrliyin mənəvi haqqını itirib, lakin hüquqi haqqını saxlayır. Biz müəyyənləşdirməliyik ki, Fransanın uzaqlaşdırılmasının hüquqi forması necədir? Bu bizim istəyimizdən asılı məsələ deyildir. Məsələ gündəmdədir, Azərbaycan ilə Türkiyə birlikdə bunun üçün bütün mümkün vasitələrdən istifadə edir və edəcəkdir”.
Sonra iclasda Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericlik işləri planı müzakirə olundu.  Deputatlardan  Zahid  Oruc, Məlahət  İbrahimqızı, Qüdrət  Həsənquliyev, Jalə Əliyeva, Fərəc Quliyev, İqbal Ağazadə, Elmira Axundova, Siyavuş Novruzov, Fəzail Ağamalı, Əli Məsimli, Musa Quliyev  və başqaları qanunvericliik bazasının təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini bildirdikdən sonra işlər planı təsdiqləndi.
Daha  sonra iclasda “Dağınıq  skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə  edildi. Məsələ ilə bağlı Sosial siyasət  komitəsinin  sədri Hadi Rəcəbli məlumat verdi. Qeyd olundu ki, sənəd ölkə Konstitusiyasının müvafiq  bəndinə uyğun olaraq  bu xəstəliyə  tutulmuş  şəxslərə  dövlət  qayğısının  təşkilati-hüquqi  əsaslarını  müəyyən edəcək,  xəstəliyin  profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri  tənzimləyəcək.  Qanun layihəsi  fəsil-fəsil səsə  qoyularaq  qəbul  edildi. 
Bununla da Milli Məclisin bugünkü  iclası  öz işini başa çatdırdı.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU