Azərbaycan və Estoniya parlament dostluq qrupları arasında görüş keçirilib

Tədbirlər
13 mart 2025 | 15:17   

 

Martın 13-də Milli Məclisdə Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Estoniya Respublikası parlamentinin (Riiqikoqu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Riina Solmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova qonaqları salamlayaraq, belə görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini söyləyib. O, Azərbaycanla Estoniyanın bir-birinin müstəqilliyini tanıyan ilk dövlətlər olduğunu qeyd edib. Ölkələrimiz arasında diplomatik, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurlu inkişafından bəhs edib.

Millət vəkili son illər ərzində parlamentlər arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib. Hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərlərinin, keçirdikləri görüşlərin münasibətlərin güclənməsində önəmli rolunu vurğulayıb. O, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Xocalı soyqırımının ildönümü ilə bağlı verdiyi bəyanatın yüksək dəyərləndirildiyini qeyd edib. Parlamentlərarası əlaqələrin dövlətlərimiz arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirib.

Estoniya parlamentinin Azərbaycanla parlamentlərarası işçi qrupunun sədri Riina Solman dövlətlərimiz arasında möhkəm dostluq əlaqələrinin olduğunu deyib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib. Qonaq təmsil etdiyi dostluq qrupunda hər il Xocalı soyqırımı ilə bağlı sənəd qəbul edildiyini diqqətə çatdıraraq, Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayəti pislədiklərini bildirib. O, parlamentlərarası əməkdaşlığın genişləndirilməsində dostluq qruplarının xüsusi rolundan danışıb.

Görüşdə Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Nizami Səfərov, Anatoliy Rafailov, Erkin Qədirli, Estoniya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü Maria Jufereva-Skuratovski qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Söhbət zamanı qonaqlara ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi ziyan barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədən sonra, hazırda sülh müqaviləsinin bağlanması gündəmdədir və qarşı tərəfin törətdiyi maneələrə baxmayaraq, dövlətimiz bu istiqamətdə öz səylərini əsirgəmir. Bununla yanaşı, Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin dinc və qarşılıqlı anlaşma şəraitində yaşadığı, ölkəmizin multikulturalizm ənənələrinə sadiq olduğu söylənilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU