MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI İŞƏ BAŞLADI
İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Əvvəlcə cari məsələlər müzakirə olundu. Deputatlar seçiciləri narahat edən məsələlərlə bağlı təkliflərini verdilər. Milli Məclisin Sədri Oqtay Əsədov millət vəkillərinin qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra gündəliyin müzakirəsinə başlandı.
Gündəliyin birinci məsələsi olan Miqrasiya Məcəlləsinin üçüncü oxunuşu barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihəyə təklif olunan dəyişiklikləri şərh etdi. Bildirdi ki, qanun layihəsinin müzakirələri zamanı deputatlardan bəziləri valideynlərin biri tərəfindən uşağın ölkədən çıxarılmasına icazə verilməsini təklif etmişdilər. Bu müddəa onunla əsaslandırılırdı ki, bəzi hallarda valideynlərdən biri ailəsi ilə əlaqəni kəsdikdə digər valideynin uşağını ölkədən çıxarmağa hüququ olmur. Lakin belə icazənin verilməsi sui-istifadə hallarına şərait yarada və uşaq alverinə səbəb olan nəticələrə gətirib çıxara bilər.
Qeyd olundu ki, qanun layihəsinin son variantında Azərbaycanda daimi yaşayan əcnəbilərə Azərbaycan dilinin öyrədilməsi, böyük maddi vəsait qoyan əcnəbilərə vətəndaşlıq hüququnun verilməsi, Azərbaycana gələn əcnəbilərin 3 gün müddətində qeydiyyata düşməsi və onların qeydiyyatının sadələşdirilməsi məsələləri öz əksini tapıb.
Müzakirələrdən sonra Miqrasiya Məcəlləsi (üçüncü oxunuşda) və Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi səsə qoyularaq qəbul edildilər.
Deputatlar Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmaq məqsədilə İnzibati Xətalar və Cəzaların İcrası Məcəllələrinə təklif olunan dəyişiklikləri də təsdiqlədilər.
Sonra İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun layihəsini üçüncü oxunuşda təqdim etdi. Ziyad Səmədzadə qanunun Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacağını və layihə ilə bağlı ikinci oxunuşda millət vəkillərinin səsləndirdiyi bir sıra təkliflərin nəzərə alındığını dedi. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
İclasda "Gömrük tarifi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanunun çox vacib olduğunu və onun qəbulunun ölkənin iqtisadi inkişafına təkan verəcəyini diqqətə çatdırdı. Bildirdi ki, layihə ilə bağlı iradlar nəzərə alınaraq aradan qaldırılmışdır.
Qanun layihəsi ikinci oxunuşda qəbul edildikdən sonra birinci vitse-spiker Ziyafət Əsgərov ikinci oxunuşda heç bir etiraz olmadığını nəzərə alaraq qanun layihəsinin üçüncü oxunuşda da səsə qoyulmasını təklif etdi. Qanun layihəsi üçüncü oxunuşda da təsdiq edildi.
Deputatlar gündəliyin sonuncu məsələsi olan "İctimai iştirakçılıq haqqında" qanun layihəsini də ikinci oxunuşda müzakirə etdilər.
Layihəni təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev bildirdi ki, qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır. Qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər.
Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildir. İctimai Şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əməkhaqları və başqa ödənişlər saxlanılır.
Müzakirələr zamanı bildirildi ki, bu qanunun qəbulu ilə ölkəmizdə ictimai iştirakçılıqda yeni bir mərhələnin əsası qoyulacaq. Sonra layihə ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti