SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
13 iyun 2013 | 06:06   
Paylaşın:        

İyunun 13-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası  keçirildi.  
Komitənin sədri Hadi Rəcəbli deputatların müzakirəsinə  təqdim olunan “Sosial sığorta haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənəd  haqqında  ətraflı  məlumat verdi. Bildirildi ki,  layihədə  edilən  dəyişikliklər  sosial  sifariş əsasında  həyata  keçirilib, habelə artıq  iki ildən artıqdır ki, cəmiyyətdə və aidiyyəti  qurumlarda  müzakirə olunur.
Parlament Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin  əməkdaşı Eldar  Əsgərov qeyd  etdi ki, xüsusi  notariusların  fəaliyyəti  nəticəsində əldə  edilmiş  vəsaitlə müqayisədə  xərclər  xeyli yüksəkdir.  Bu isə xüsusi  qaydada   notarial xidmətin təşkilində çətinliklər  yaradır.  Xüsusi notariusun normal iş ahənginin  təmin edilməsi üçün  zəruri olan  xərclərin ödənilməsinə imkan vermir.  Buna  görə də məcburi dövlət sosial sığorta haqqı xüsusi notariuslar və vəkillər kollegiyasının üzvləri üçün  gəlirlərin 20  faizi miqdarında müəyyənləşdirilir. Bu konkret  olaraq Bakı şəhərində fəaliyyət göstərənlər üçün 290 manat, digər  şəhər  və rayonlar üçün isə 174 manat nəzərdə tutulur. 
İclasda  iştirak edən Ədliyyə Nazirliyinin və Dövlət  Sosial  Müdafiə  Fondunun nümayəndələri sənəddəki dəyişikliklərin tam və dürüst  arqumentləşdiyini, sosial ədalət prinsiplərinə əsaslandığını, lakin bəzi xırda  düzəlişlərin zəruri olduğunu qeyd  etdilər.
Müzakirələrdən sonra sənəd konseptual baxımdan təkmilləşdirilməsi  üçün yenidən işçi qrupuna  qaytarıldı.

 
Milli  Məclisin
Mətbuat  xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU