BAKIDA İƏT PARLAMENT İTTİFAQININ İCRAİYYƏ KOMİTƏSİNİN 30-cu İCLASI KEÇİRİLİR
İyunun 19-da Milli Məclisdə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclası öz işinə başladı.
Tədbiri İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Baş katibi Mahmud Erol Kılıc açaraq Bakıdakı görüşlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi, iclas iştirakçılarının öz ölkələrinə böyük təəssüratla qayıdacağına əminliyini bildirdi və ev sahibliyinə görə Azərbaycan parlamentinin rəhbərliyinə təşəkkürlərini çatdırdı.
Azərbaycan parlamentinin rəhbərliyi adından İƏT Pİ İcraiyyə Komitəsinin 30-cu iclasının iştirakçılarını Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov salamladı və onlara uğurlu iş arzuladı. Ümidvar olduğunu bildirdi ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr, qəbul ediləcək qərarlar İƏT Pİ-nin məqsədlərinin gerçəkləşməsinə kömək göstərəcək.
I vitse-spiker dedi ki, müasir dünyada siyasi inkişaf meyllərinin mühüm hissəsi regional inteqrasiya proseslərinin geniş vüsət alması ilə bağlıdır. Həmin proseslərin mərkəzində dayanan regional təşkilatların yaratdığı əməkdaşlıq imkanları dövlətlər arasında ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə yol açır. Bu baxımdan İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı çərçivəsində həyata keçirilən iş birliyi quruma üzv olan dövlətlər arasında siyasi, iqtisadi, humanitar münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Qeyd olundu ki, dünya siyasətində cərəyan edən hadisələr islam ölkələri arasında sıx əməkdaşlığın vacibliyini önə çıxarır. İnsanlar arasında dostluq, qardaşlıq və həmrəylik dini olan islam xalqlarımızı bir-birinə bağlayan ən böyük mənəvi sərvətlərdəndir. Ümidvarıq ki, xalqlarımızın ortaq dəyərləri üzərində qurulan iş birliyimiz bölgəmizin tərəqqi və çiçəklənmə zonasına çevrilməsinə gətirib çıxaracaq.
Milli Məclis Sədrinin birinci müavini öz çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxundu, problemin həllində Azərbaycanın ədalətli mövqeyini bir daha nəzərə çatdırdı.
Sonra İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclası işini davam etdirdi. İclasda qurum üzvlərini maraqlandıran məsələlər ətrafında müzakirələr aparıldı.
Milli Məclisin
Mətbuat xidməti