MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 21-də parlamentin növbədənkənar sessiyasının ikinci iclası keçirildi. İclasa sədrlik edən Milli Məclisin Spikeri Oqtay Əsədov bildirdi ki, ikinci dəfə olaraq Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən “təxirəsalınmaz qətnamə” qəbul edib. Həmin sənədi ölkəmizə qarşı təzyiq vasitəsi kimi dəyərləndirən Spiker Milli Məclisin bu qətnaməyə kəskin münasibət bildirməsi vacibliyini vurğuladı. Gündəliyin təsdiqi zamanı Milli Məclis Sədrinin təklifinə əsasən, “Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatı” məsələsi gündəliyə əlavə olundu.
Oqtay Əsədov çıxışında Azərbaycanın Avropa İttifaqı ilə, parlamentimizin Avropa Parlamenti ilə tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin genişlənməsi tarixinə də toxundu. Bir sıra arqumentlərə istinadən, xaricdə Azərbaycanın inkişafına, müstəqil siyasət yürütməsinə qarşı olan qüvvələrin mövcudluğunu vurğuladı. Nəzərə çatdırdı ki, hazırkı qətnamənin qəbul olunduğu iclasda Avropa Parlamentinin 754 nəfər üzvündən cəmi 32 nəfərin iştirak etməsinə baxmayaraq sənəd qurumun adından göndərilib. “Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatı” məsələsinin müzakirəsində deputatlar Musa Quliyev, Siyavuş Novruzov, Valeh Ələsgərov, Asəf Hacıyev, Sahibə Qafarova, Azay Quliyev, Fərəc Quliyev, Musa Qasımlı, Hadi Rəcəbli, Fazil Mustafa, Əli Əhmədov, Fəzail Ağamalı, Fəzail İbrahimli, Yaqub Mahmudov və başqaları fikirlərini bölüşdülər. Bəyanatın mətninin hazırlanması üçün Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun sədrliyi ilə komissiya yaradıldı. Deputatların çıxışlarında qeyd olundu ki, sözü gedən sənəd bütövlükdə Azərbaycan ictimaiyyətini narahat edən, qərəzli, əsassız, hüquqi cəhətdən qeyri-ciddi və Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq doğuracaq sənəddir. Geniş müzakirələrdə millət vəkilləri Azərbaycanın haqlı və ədalətli mövqeyindən, demokratiya yolu ilə qətiyyətlə addımlamasından söz açdılar. Dünya ölkələrində baş verən bir sıra hadisələri və oxşar hadisələrə fərqli prizmadan yanaşmaları yada salaraq bu qətnamənin də ikili standartların ifadəsi olduğunu bildirdilər.
Daha sonra iclasda gündəlikdəki digər məsələlərə baxlıldı. Bir sıra qanun layihələrini təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov öncə “Azərbaycan – Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” Əsasnamənin təsdiqinə dair qanun layihəsi barədə məlumat verdi. Parlament həmin sənədi ratifikasiya etdi. Milli Məclis cari ilin may ayında Vyanada imzalanmış “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannaməni də təsdiqlədi.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin məlumatı dinlənildikdən sonra deputatlar 2001-ci ildə təsdiqlənmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda dəyişiklik edilməsinə razılıq verdilər.
Parlament Azərbaycanla Latviyanın aviasiya hakimiyyəti orqanları arasında əməkdaşlıq haqqında Protokolun təsdiq olunmasını vacib saydı.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin məlumatı dinlənildikdən sonra deputatlar Azərbaycan Hökuməti ilə Makedoniya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması, həmçinin gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında hökumətlərarası sazişlərin təsdiqinə razılıq verdilər.
İclasda müzakirəyə çıxarılan əksər qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Öncə Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə danışan komitə sədri dedi ki, qanun layihəsinə təklif olunan dəyişiklik cinayət işləri üzrə təhqiqatın aparılması maddəsinə aiddir. Deputatlar məsələyə müsbət münasibət bildirdilər.
Sonra parlamentdə “İcra haqqında” qanunun 23-cü, 27-ci, 70-ci, 81-ci və 87-ci maddələrində dəyişikliklər edilməsini nəzərdə tutan layihə şərh olundu. Qanun səsvermə yolu ilə qəbul edildi. Deputatların nəzərinə çatdırıldı ki, “İcra məmurları haqqında” qanunda dəyişiklik edilməsi bu sənədin İnzibati Prosessual Məcəlləyə uyğunlaşdırılması zərurətindən irəli gəlir. Bu qanun da qəbul olundu.
“Bank olmayan kredit təşkilatları haqqında” və “Banklar haqqında” qanunlara təklif olunan dəyişikliklərin şərhi zamanı qeyd olundu ki, hər iki qanun layihəsi qanunvericilik aktlarının uyğunlaşdırılması məqsədini daşıyır və “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliklə əlaqədardır. Qanun layihələri səsə qoyuldu və qəbul edildi.
Parlament “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Yol hərəkəti haqqında” qanunlara, həmçinin “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikləri məqbul saydı. Fikir mübadiləsində Bəxtiyar Əliyev, Fəzail Ağamalı, Çingiz Qənizadə və başqaları layihələrə dair rəylərini diqqətə çatdırdılar.
İclasın yekununda vitse-spiker Valeh Ələsgərov deputatları “Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatı”nın mətni ilə tanış etdi. Bəyanat müzakirə olunduqdan sonra səsə qoyuldu və qəbul edildi.
Beləliklə, müzakirələrdə on doqquz məsələyə münasibət bildirən Milli Məclis bugünkü plenar iclasına yekun vurdu.
Milli Məclisin
Mətbuat xidməti