İordaniyalı qonaqlar Milli Məclisdə

Tədbirlər
29 aprel 2025 | 17:25   

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərov aprelin 29-da İordaniya Haşimilər Krallığı Senatının üzvü Asia Abdel ilə görüşüb.

Qonağı salamlayan Anar İsgəndərov ölkələrimizin tarixi keçmişindən söz açıb, Azərbaycan və İordaniya arasında tarixi, mədəni, dini, mənəvi oxşarlıqlara diqqət çəkib. Komitə sədri 44 günlük Vətən müharibəsində İordaniyanın Azərbaycana dəstəyini məmnunluqla xatırlayıb, ölkələrimiz və dövlət başçılarımız arasındakı münasibətlərin dost, qardaş münasibətləri olduğunu vurğulayıb. O, bundan sonra da əlaqələrimizin yüksək səviyyədə inkişaf edəcəyinə inamını bildirib.

Senator Asia Abdel səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı forumda iştirakından söz açıb. O, forum çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin, tədbirdə Qlobal Cənub QHT Platformasının təsis edilməsinin əhəmiyyətini vurğulayıb.

İordaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən senator dövlətlərarası əlaqələrin möhkəmlənməsində İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasındakı dostluq münasibətlərinin rolunu vurğulayıb, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə deputatlar Mehriban Vəliyeva, Şahin Seyidzadə, Vasif Qafarov, “Vətəndaşların Sosial Rifahi Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, həmin təşkilatın sədr müavini Nədimə Rəhimli çıxış ediblər. Çıxışlarda  ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşməsində parlamentlərin rolundan danışılıb, bu sahədə parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının və parlamentarilərin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub.

Söhbət əməkdaşlığımızın inkişafı və tərəfləri maraqlandıran digər mövzular ətrafında  fikir mübadiləsi ilə davam etdirilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU