HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
01 iyul 2013 | 05:07   
Paylaşın:        

İyulun  1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında məsələlərə baxıldı.
Komitə sədri Əli Hüseynli iclas iştirakçılarının nəzərinə çatdırdı ki, yuxarı məhkəmə instansiyası hakimlərinin təyinatı ilə bağlı sənədlər Məhkəmə Hüquq Şurasının təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuşdur. Bildirildi ki, dövlətin diqqət və qayğısı sayəsində məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması üçün  müvafiq tədbirlər həyata keçirilir. Əli Hüseynli  məhkəmə sistemində əldə edilən nailiyyətlər, eyni zamanda mövcud problemlər barədə danışdı O, Məhkəmə Hüquq Şurasının parlamentlə, o cümlədən geniş ictimaiyyətlə qarşılıqlı münasibətlərinin qurulmasının əhəmiyyəti barədə fikirlərini açıqladı.
Sonra Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov təqdimatlarla bağlı məlumat verdi. Hakimliyə namizədlərin onlara  göstərilən etimadı doğruldacaqlarına, işə məsuliyyətlə yanaşacaqlarına əminliyini ifadə etdi. Çıxışı zamanı o, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar barədə söhbət açdı. Bildirildi ki, ölkənin hüquq sistemində köklü dəyişikliklər edilmiş, ölkədə müstəqil məhkəmə sistemi yaradılmışdır. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək məqsədi ilə onların səlahiyyətləri genişləndirilmişdir. Bu sahənin təkmilləşdirilməsi məqsədi ilə mütərəqqi qanunlar qəbul olunmuşdur.
İclasda iştirak edən millət vəkilləri Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Fazil Mustafa, Çingiz Qənizadə, Rövşən Rzayev öz çıxışlarında   namizədlər barədə fikirlərini açıqladılar. Bu təyinatların məhkəmə fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, məhkəmələrdə iş yükünün nizama salınması istiqamətində əhəmiyyətli rol oynayacağını bildirdilər.
Ətraflı müzakirələrdən sonra hakimliyə namizədlərin təqdim edilməsi ilə bağlı sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Daha sonra iclasda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi müzakirə edildi. Bu sənədin də  parlamentin növbəti iclasına çıxarılması barədə qərar verildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU