Parlament görüşləri

Tədbirlər
27 may 2025 | 17:14   

Mayın 27-də Milli Məclisin sədr müavini Rafael Hüseynov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb.

Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədr müavini ölkələrimizin müstəqilliklərinin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb, dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib. Rafael Hüseynov Azərbaycan-Ukrayna münasibətlərinin tarixi kökləri, xalqlarımız arasında dostluq münasibətləri, mədəni, mənəvi bağların əhəmiyyəti barədə fikirlərini bölüşüb.  

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində,  eyni zamanda parlamentlər səviyyəsində əməkdaşlığından məmnunluq ifadə olunub. Bildirilib ki, həm Azərbaycan, həm də Ukrayna qanunverici orqanlarında qarşılıqlı parlamentlərarası dostluq qrupları uğurla fəaliyyət göstərir.

Səmimi sözlər üçün təşəkkürünü bildirən Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun rəhbəri Volodimir Kreydenko ölkəsinə göstərilən humanitar dəstəyə və Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiyası üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirib.

Söhbətdə mədəniyyət və digər sahələrdə də əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, indiyədək Azərbaycan və Ukrayna arasında imzalanmış çoxsaylı sənədlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə iştirak edən Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev 28 may – Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.

*****

Həmin gün Azərbaycan və Ukrayna parlamentlərarası əlaqələr üzrə qarşılıqlı işçi qrupları arasında görüş olub.

Görüşdə Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə parlamentlərimiz arasında əlaqələrin inkişafı, informasiya texnologiyaları, aqrar və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin vacibliyindən danışıb. O, tezliklə Ukrayna xalqının firavan günlərə qovuşacağına inamını ifadə edib.

Görüşdə iştirak edən Milli Məclisin deputatları Asim Mollazadə və Erkin Qədirli Azərbaycan-Ukrayna münasibətlərinə dair fikirlərini bölüşüblər.

Söhbət zamanı Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun rəhbəri Volodimir Kreydenko parlamentlərimiz arasında münasibətlərin inkişaf perspektivlərindən danışıb. O, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar dəstəyə və Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası üzrə təşkil olunan layihələrə görə təşəkkürünü ifadə edib, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inamını bildirib.

Görüşdə Milli Məclisin deputatları Kamran Bayramov, Müşfiq Cəfərov,  ukraynalı deputatlar, Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU