MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ SON İCLASI KEÇİRİLDİ

Tədbirlər
02 iyul 2013 | 05:07   
Paylaşın:        

İyulun 2-də Milli Məclisin 2013-cü il növbədənkənar sessiyasının sonuncu iclası keçirildi. İclasda ilk olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında məsələlərə baxıldı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin ətraflı məlumatından sonra deputatlar məsələlərə müsbət münasibət bildirdilər.
Milli Məclisin Sədri Oqtay Əsədov hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonra iclasda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi müzakirə edildi. Layihə ilə bağlı  məlumat verən Əli Hüseynli qeyd  etdi ki, Miqrasiya Məcəlləsinə əsasən sənədin iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu.  Lakin qanunvericilik təşəbbüsü subyekti ilə məsləhətləşmələrdən sonra həmin tarixin avqustun 1-ə keçirilməsi qərara  alınıb.  Miqrasiya Məcəlləsinin qüvvəyə mindiyi gündən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “İmmiqrasiya haqqında”, “Əmək miqrasiyası haqqında”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” mövcud qanunların ləğv ediləcəyi  vurğulandı. Qanun layihəsi səsə  qoyularaq təsdiq olundu.
İclasın  sonunda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” sənəd ikinci oxunuşda müzakirə edildi. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə birinci oxunuşdan sonra layihə üzərində aparılmış işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, bu qanunun qəbulunda məqsəd ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların prinsipləri, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlayıcı orqanların, vəzifəli şəxslərin, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etməkdir. Müzakirələr zamanı deputatlardan İlyas  İsmayılov, Fazil Mustafa, Qənirə Paşayeva, Zahid Oruc, Sədaqət Vəliyeva, Qüdrət  Həsənquliyev, Sabir  Rüstəmxanlı bu qanunun ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində əhəmiyyətli rol oynayacağını, sahibkarların hüquqlarının qorunmasına xidmət edəcəyini bildirdilər. Qanun layihəsi səsvermə  yolu ilə ikinci və üçüncü oxunuşlarda təsdiq edildi.
Bununla da parlamentin növbədənkənar sessiyası öz  işini  başa çatdırdı.
Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı bağlı elan etdi.
Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirildi.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU