Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TÜRKPA-ya üzv olan ölkələrin parlament sədrləri ilə görüşüb

Sədrin səfərləri
12 iyun 2025 | 17:35   

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-də TÜRKPA-ya üzv olan ölkələrin parlament sədrləri ilə görüşüb. Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.

Görüşdə Qazaxıstan Prezidenti qeyd edib ki, TÜRKPA ölkələrimizin iqtisadi, mədəni və humanitar inkişafına xüsusi təsir göstərir və onun potensialı xalqlarımızın ümumi məqsədlərinə nail olmaq naminə istifadə olunmalıdır.

Ötən il Qazaxıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi həyata keçirdiyini xatırladan Prezident Kasım-Jomart Tokayev bu müddətdə görülmüş işlər barədə məlumat verib.

Qazaxıstan Prezidenti Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsində TÜRKPA-nın rolunu qeyd edərək, vurğulayıb ki, müasir çağırışlar fonunda əməkdaşlığın gücləndirilməsi xüsusilə vacibdir. Dövlət başçısının sözlərinə görə, Qazaxıstan qardaş ölkələr arasında parlamentlərarası əlaqələrə və xalq diplomatiyasına xüsusi önəm verir. TÜRKPA əməkdaşlığı dərinləşdirməyə imkan verən nüfuzlu beynəlxalq təşkilat və unikal bir qurumdur. Bu təşkilat çərçivəsində birgə fəaliyyətin böyük əhəmiyyəti var.

“Qazaxıstan türk dövlətlərinin parlament diplomatiyasını tam dəstəkləyir. Biz həmrəyliklə bu çətin dövrləri uğurla geridə qoyacaq və iqtisadiyyatlarımızın inkişafına güclü təkan verəcəyik”, – deyə Kasım-Jomart Tokayev fikrini yekunlaşdırıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU